“Unherd” portalı: ABŞ hakimiyyətinin dünyadakı mövqeyi barədəki təsəvvürü yanlışdır
Bakı, 7 oktyabr, AZƏRTAC
ABŞ-ın həyata keçirdiyi xarici siyasət demək olar iflasa uğrayıb. Son 25 il ərzində dünya ictimaiyyətində ABŞ-a qarşı heç vaxt bu qədər nifrət yaranmamışdı. Cozef Bayden administrasiyası düşünülməmiş siyasət, düşmənçilik siyasəti yürüdür.
AZƏRTAC xəbər verir ki, bu fikirlər Böyük Britaniyada nəşr olunan “Unherd” saytının analitiki Tomas Fazinin “ABŞ hakimiyyətinin dünyadakı mövqeyi barədəki təsəvvürü yanlışdır” sərlövhəli məqaləsində yer alıb. Müəllif qeyd edir ki, rəsmi Vaşinqton dünyada ən qüdrətli və ən nüfuzlu dövlət olduğunu zənn edir. Lakin əsl həqiqətdə ABŞ dünyanın heç də ən nüfuzlu dövləti deyil. Məsələ ondan ibarətdir ki, ABŞ-ın Antoni Blenkinin rəhbərliyi altında həyata keçirdiyi xarici siyasəti iflasa uğrayıb.
İstər Ukraynada, istər Yaxın Şərqdə, istərsə də Tayvan məsələsində ABŞ administrasiyası nəinki problemlərin həllinə nail ola bilmədi, əksinə, onları daha da qızışdırdı və nəticədə bu gün davam edən qanlı toqquşmalar göz qabağındadır.
Analitik diqqətə çatdırır ki, Ukrayna problemində C.Baydenin tutduğu mövqe sülh danışıqlarını “dəfn etdi”. Ağ ev administrasiyası Rusiya ilə Ukrayna arasındakı müharibəni dayandırmaq, problemin sülh yolu ilə həllinə çalışmaq əvəzinə, tərəf tutdu. Avropa İttifaqı Ukraynanı öz geosiyasi maraqları naminə istifadə etməyə başladı, nəticədə müharibə hələ də davam edir və sonu bilinmir.
Tomas Fazi məqaləsində ABŞ-ın Yaxın Şərqdə həyata keçirdiyi siyasətə də toxunaraq bildirir ki, Prezident C.Bayden seçkiqabağı çıxışlarında söz verdiyi kimi, İran ilə nüvə danışıqlarını bərpa etmədi və “yumşaq” siyasət əvəzinə, rəsmi Tehrana qarşı daha sərt tələblər irəli sürdü. ABŞ administrasiyasında yaxşı başa düşürdülər ki, bu sərt tələblər İran tərəfindən qəbul edilməyəcək və problem daha da dərinləşəcək.
ABŞ-ın Asiya və Sakit Okean regionundakı siyasəti də bərbad nəticələrə gətirib çıxardı. C.Bayden ABŞ-ın tarixi öhdəliyini - “Vahid Çin” prinsipini pozaraq regiona hərbi hissələr göndərməklə vəziyyəti gərginləşdirdi. Bundan başqa, Çinə qarşı “genişmiqyaslı iqtisadi müharibə” elan olundu ki, bu da əks effekt verdi.
Müəllif kinayə ilə bildirir ki, ABŞ administrasiyası özünü Hollivuda çəkilən fantastik filmlərin qəhrəmanı kimi təqdim edir. Ağ ev təlqin etməyə çalışır ki, o “pis oğlanlar”la mübarizə apararaq dünyanı xilas etmək işi ilə məşğuldur. Lakin əsl həqiqətdə ABŞ özü müharibənin astanasındadır.