“UNİBANK” İLİN BİRİNCİ YARISINA YEKUN VURMUŞDUR
“Unibank” kommersiya bankı 2008-ci ilin birinci yarısının maliyyə göstəricilərinə yekun vurmuşdur. Ötən ilin yanvar-iyun ayları ilə müqayisədə əsas maliyyə göstəricilərinin sabit şəkildə artması müşahidə olunmuşdur. Bankdan AZƏRTAC-a bildirmişlər ki, maliyyə müəssisəsinin aktivləri ötən ilin iyunu ilə müqayisədə 89 faiz artaraq, 479,307 milyon AZN təşkil etmişdir. Bu, yanvarın 1-nə olan müvafiq göstəricidən 23 faiz çoxdur.
Bankın kredit portfeli 140 faiz artaraq, 358,761 milyon manat olmuşdur. Bu, yanvarın əvvəlinə nisbətən 31 faiz çoxdur.
İyulun 1-nə olan məlumata görə, bankın depozitlərinin məbləği 145,395 milyon AZN təşkil etmişdir. Bu göstəricinin illik artımı 52,5 faiz, 2008-ci ildə artım isə 17,95 faiz olmuşdur.
Birinci yarımilliyin yekunlarına görə bankın gəlirləri 39,612 min AZN təşkil etmişdir ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 167 faiz çoxdur. Bankın xərcləri 137 faiz artaraq 34.064 min AZN təşkil etmişdir. “Unibank”ın balans gəliri 5.548 min AZN olmuşdur. 2007-ci ilin müvafiq dövrünə nisbətən bu göstərici 12 dəfə artmışdır.