ELM VƏ TƏHSİL
Universitetdə “Qobu”stanın sirri (Qıpçaqlara gedən yol)” kitabının təqdimatı olub
Bakı, 25 noyabr, AZƏRTAC
Noyabrın 25-də Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Türkiyənin Atatürk Universitetinin Türkiyyat Araşdırmaları İnstitutunun müdiri, professor Cengiz Alyılmazın “Qobu”stanın sirri (Qıpçaqlara gedən yol)” kitabının təqdimat mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə ADPU-nun rektoru, professor Cəfər Cəfərov “Qobu”stanın sirri (Qıpçaqlara gedən yol)” kitabının əhəmiyyətindən danışıb.
Qeyd olunub ki, türk dünyasının ən qədim mədəniyyət nümunələri barədə böyük axtarışlar sayəsində hazırlanan kitabda Qobustan qayaüstü yazıları barədə də geniş məlumat verilib.
Müəllif kitabda təkzibolunmaz faktlarla əsaslandırır ki, türkdilli xalqların ən qədim yazı və qayaüstü rəsm mədəniyyətləri Azərbaycanın Qobustan bölgəsindən başlanır.
Professor C.Cəfərov bildirib ki, 704 səhifəlik kitabda, həmçinin türk xalqlarına aid abidələri əks etdirən nadir fotolar yer alıb. Türk dilinə, qədim tarixinə və mədəniyyətinə dair son dərəcə orijinal faktların toplandığı “Qobu”stanın sirri (Qıpçaqlara gedən yol)” kitabı tədqiqatçılar üçün dəyərli vəsaitdir.
Eyni zamanda, diqqətə çatdırılıb ki, professor C.Alyılmaz türk xalqlarına dair maraqlı muzey yaradıb. Muzeydə Azərbaycan ilə bağlı çoxlu sayda sənət əsəri saxlanılır. 1989-cu ildən fəaliyyət göstərən muzeydə türkdilli ölkələrdən gətirilən iki mindən çox sənət əsəri nümayiş olunur və onların hamısı əl işləridir.
Tədbirdə professor C.Alyılmazın elmi fəaliyyəti ilə bağlı videoçarx nümayiş etdirilib.
ADPU-nun ümumi tarix kafedrasının müdiri, AMEA-nın müxbir üzvü Vəli Əliyev, filologiya fakültəsinin dekanı, professor Buludxan Xəlilov, türk və Şərqi Avropa xalqları tarixi və tarixin tədrisi metodikası kafedrasının müdiri, dosent Rəcəb Əliyev və başqaları təqdim edilən kitab barədə fikirlərini bölüşüb, nəşrin elmə dəyərli töhfə olduğunu vurğulayıblar.
Professor C.Alyılmaz tədbirin təşkilatçılarına və iştirakçılarına təşəkkürünü bildirib.