Uşaq hüquqlarının müdafiəsi ilə bağlı maarifləndirmə işinə həsr olunmuş “dəyirmi masa” keçirilmişdir
Bakı, 18 noyabr (AZƏRTAC). Yasamal rayonundakı Heydər Əliyev Mərkəzində rayon icra hakimiyyətinin təşkilatçılığı ilə Uşaq Hüquqları Konvensiyasının qəbul edilməsinin növbəti ildönümü münasibətilə “Uşaq hüquqları aylığı” çərçivəsində uşaq hüquqlarının müdafiəsi haqqında maarifləndirmə işinə həsr olunmuş “dəyirmi masa” keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, tədbirdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin şöbə müdiri Cəmilə Bağırova, Ombudsman Aparatının baş məsləhətçisi Faiq Ağayev, Yasamal Rayon İcra Hakimiyyəti Aparatının Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi Seymur Nağıyev, Azərbaycan Praktik Psixoloqlar Assosiasiyasının rəhbəri Elmira Mirzəyeva, 28 saylı polis bölməsinin yetkinlik yaşına çatmayanların işləri üzrə inspektorları Ruhiyyə Məmmədova, Knyaz Şəkərov, təhsil, səhiyyə, məktəbəqədər tərbiyə müəssisələrinin rəhbərləri iştirak etmişlər.
Heydər Əliyev Mərkəzinin böyük elmi işçisi Cəmilə Məlikova respublika ərazisində hər il ənənəvi olaraq keçirilən “Uşaq hüquqları aylığı” haqqında qısa məlumat vermişdir.
Faiq Ağayev çıxış edərək insan hüquqları üzrə müvəkkil Elmira Süleymanovanın təşəbbüsü ilə ölkəmizdə keçirilən “Uşaq hüquqları aylığı” çərçivəsində görülmüş tədbirlərin məqsəd və vəzifələri haqqında danışmış və bu aylığın “Hər bir uşağın qayğısına qalaq!” devizi altında reallaşdığını qeyd etmişdir. O demişdir ki, aylığın keçirilməsində məqsəd uşaqlara diqqətin artırılması və uşaq hüquqları ilə bağlı vəziyyətin daha da yaxşılaşdırılmasıdır.
Cəmilə Bağırova hər bir rayonda azyaşlılarla işin daha da kompleks şəkil almasının, uşaqlara qarşı zorakılıq zamanı şikayətlərin yerində və zamanında araşdırılmasının vacibliyini qeyd etmişdir.
Elmira Mirzəyeva isə hər bir uşağa fərdi yanaşmanın, valideynlərin uşaqların tərbiyəsində diqqətli olmalarının zəruriliyindən söz açmış, ailələrdə zorakılıq hallarının yolverilməz olduğunu bildirmişdir.
Digər çıxış edənlər azyaşlıların ailədə, təlim və təhsil prosesində hüquqlarının qorunması, təhsil işçiləri arasında maarifləndirmə işinin aparılması, təhsildən yayınan uşaqların təhsilə cəlb olunması istiqamətində kompleks tədbirlərin həyata keçirilməsinin önəmini vurğulamışlar.