“UŞAQ İDMANI HAQQINDA” YENİ QANUN HAZIRLANMIŞDIR
AZƏRTAC xəbər verir ki, Milli Məclisdə “Uşaq idmanı haqqında” yeni qanun layihəsi hazırlanmışdır. Layihə aprelin 16-da Milli Məclisdə daimi komissiyaların, Təhsil, Səhiyyə, Gənclər və İdman nazirliklərinin, beynəlxalq təşkilatların, eləcə də yerli idman mütəxəssislərinin, qeyri-hökumət təşkilatlarının iştirakı ilə geniş müzakirə olunmuşdur. Bildirilmişdir ki, bu qanun uşaq və gənclərin sağlam həyat tərzinin təmin olunması, sağlamlığının möhkəmləndirilməsi, səmərəli, fasiləsiz təhsil sistemi və şəxsiyyətin inkişafı baxımından bədən tərbiyəsi, idmanla məşğul olmaq üçün hüquqi, iqtisadi və təşkilati əsasları müəyyənləşdirəcəkdir.
Milli Məclis sədrinin müavini Bahar Muradova sənədin əhəmiyyətindən danışaraq demişdir ki, Azərbaycanda genefondun qorunması, sağlam nəslin yetişməsi, idmanın kütləviliyinin təmin edilməsi, bütövlükdə bu sahənin inkişafına nail olunması üçün hüquqi bazanın daha da möhkəmləndirilməsi olduqca vacibdir. İndi ölkəmiz daxildə bu sahəni inkişaf etdirməklə yanaşı, beynəlxalq yarışlara, tədbirlərə ev sahibliyi edir. Azərbaycan idmançılarının beynəlxalq turnirlərdə, Olimpiya oyunlarında uğurlarının sayı ilbəil artır.
İdman sahəsində mövcud qanunvericilik bazasından, ölkə başçısının həyata keçirdiyi uğurlu sosial siyasətdən danışan Milli Məclisin sosial-siyasət daimi komissiyasının sədri Hadi Rəcəbli “Bədən tərbiyəsi və idman haqqında” Qanunun hələ 1997-ci ildə qəbul edildiyini bildirmişdir. Onun sözlərinə görə, qanun bu sahəni tənzimləsə də, hazırki vəziyyət “Uşaq idmanı haqqında” yeni bir sənədin hazırlanmasını zəruri edir. Bu qanunun qəbulundan sonra ölkədə uşaq idman məktəblərinin maddi-texniki bazası möhkəmlənəcək, kadr potensialı artacaqdır.
Gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov hazırda ölkədə 200-dək idman məktəbinin fəaliyyət göstərdiyini, bunlardan 157-nin Təhsil Nazirliyi, 27-nin Gənclər və İdman Nazirliyi, 23-nün isə həmkarlar ittifaqlarının tabeçiliyində olduğunu və ümumilikdə bu məktəblərdə 150 mindən çox uşağın təhsil aldığını vurğulamışdır.
Təhsil nazirinin müavini Elmar Qasımov nazirliyin tabeçiliyindəki 157 məktəbin 27 idman növü, o cümlədən 20 Olimpiya idman növü üzrə ixtisaslaşdığını və burada çalışan 4477 məşqçinin 767-nin qadın olduğunu bildirmişdir.
O, 67 şahmat məktəbinin fəaliyyəti nəticəsində beynəlxalq turnirlərdə qələbələrin sayının artdığını, şahmatın inkişafı ilə bağlı Dövlət Proqramının hazırlandığını diqqətə çatdırmışdır.
Sonra Milli Məclisin insan hüquqları daimi komissiyasının sədri Rəbiyyət Aslanova, elm və təhsil məsələləri daimi komissiyasının sədri Şəmsəddin Hacıyev, YUNİSEF-in Azərbaycandakı nümayəndəliyinin rəhbəri xanım Hana Singer, idman mütəxəssisləri ölkədə idmanın inkişafı sahəsində görülmüş işlərdən danışmış, bu qanunun qəbulunun vacibliyini vurğulamışlar. Bildirilmişdir ki, bu qanunun tələbindən irəli gələn məsələlərin həlli uşaq və gənclərin asudə vaxtlarını səmərəli keçirməsinə şərait yaradacaqdır.
Bundan başqa, “Uşaq idmanı haqqında” yeni qanun hazırlanması ilə yanaşı, təhsil, səhiyyə, bələdiyyə, kütləvi informasiya vasitələri haqqında hüquqi sənədlərə də əlavələrin və dəyişikliklərin zəruriliyi vurğulanmışdır.