Uşaq incəsənət məktəbində pianoçu Gülarə Əliyevanın repertuarından əsərləri səsləndirilib
Bakı, 5 noyabr, AZƏRTAC
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Gülarə Əliyeva adına 3 nömrəli uşaq incəsənət məktəbində Əməkdar incəsənət xadimi, pianoçu, Azərbaycan mədəniyyətində öz dəstxətti ilə dərin iz qoymuş Gülarə Əliyevanın xatirə gecəsi keçirilib.
İdarədən AZƏRTAC-a bildirilib ki, tədbirdə pianoçu Gülarə Əliyevanın ömür yolu, fəaliyyəti haqqında məlumat verilib. Bildirilib ki, 2019-cu ildə Nazirlər Kabinetinin sərəncamına əsasən, Gülarə Əliyevanın adı 3 nömrəli uşaq incəsənət məktəbinə verilərək əbədiləşdirilib. 2019-2020-ci il tarixlərində məktəbin binası Birinci vitse-prezident, Azərbaycan mədəniyyəti və incəsənətinə hər zaman qayğı göstərən Mehriban Əliyevanın tapşırığı ilə Heydər Əliyev Fondu tərəfindən əsaslı şəkildə yenidən inşa edilib, müasir standartlara uyğun şəkildə istifadəyə verilib. Ölməz sənətkar Gülarə Əliyevanın adını daşımaq məktəbin kollektivi üçün həm sevindirici, həm də qürurverici hadisədir.
Tədbirin bədii hissəsində məktəbin “Kiçik Dan Ulduzu” ansamblı tərəfindən Gülarə Əliyevanın repertuarından “Rapsodiya”, “Güllər”, “Mehribanım” və s. əsərləri məharətlə ifa olunub. Ansamblın bədii rəhbəri, məktəbin xalq çalğı alətləri şöbəsinin müdiri Fariz Hüseynov, solistlər isə xanəndə sinfi üzrə III sinif şagirdi Günəş Hacıyeva, vokal sinfi üzrə V sinif şagirdi Rəvan Hüseynov idi.
Sonda Əməkdar incəsənət xadimi, pianoçu Gülarə Əliyevanın qızı Ayəndə Əliyeva ailəsi adından tədbirin təşkilatçılarına minnətdarlığını bildirib.