Uşaq musiqi məktəbində Zəfər Gününə həsr olunan konsert
Bakı, 6 noyabr, AZƏRTAC
Noyabrın 6-da Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Bakı Mədəniyyət Baş İdarəsi 34 nömrəli Uşaq musiqi məktəbinin şagirdlərinin iştirakı ilə Zəfər Gününə həsr olunan konsert proqramı təşkil edilib.
Bu barədə AZƏRTAC-a Uşaq musiqi məktəbindən məlumat verilib.
Məktəbin direktoru Babək Əliyev qeyd edib ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi, şanlı Ordumuzun şücaəti, xalqın həmrəyliyi ilə qazanılan Qələbə Azərbaycan tarixinə qızıl hərflərlə yazıldı. 30 ilə yaxın müddətdə işğal altında qalan torpaqlarımız azad olundu.
Sonra konsert açıq elan olunub. Konsert proqramında polkovnik-leytenant, 44 günlük Vətən müharibəsində şəhid olan Babək Ramaldanovun övladları da çıxış ediblər.
Konsertdə fəxri qonaqlar - Xalq artisti Samir Cəfərov, Əməkdar artist Ceyhun İsmayılov, rejissor Nadir Maçanov, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin nəzdində Humanitar Kollecin müdiri Nərmin Qaralova iştirak ediblər.