Uşaqlara göstərilən sosial dəstək tədbirləri genişləndirilir
Bakı, 21 may, AZƏRTAC
Bu il aprelin 1-nə olan məlumata görə, yaşa görə müavinət alanların sayı 103 min nəfər, 18 yaşından yuxarı əlilliyi olan şəxslərə əlilliyə görə 168,6 min nəfər, ailə başçısını itirməyə görə 52,1 min nəfər, sağlamlıq imkanları məhdud olduğuna görə müavinət alan 18 yaşınadək uşaqların sayı 52,0 min nəfər, digər müavinət növlərini alanların sayı isə 25,5 min nəfər olub. Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların 246 nəfər qəyyumuna aylıq müavinət verilib.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a verilən məlumata görə, şəhid ailələrinin, müharibə və ya 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslərin, Çernobıl qəzası nəticəsində I və II dərəcə əlilliyi müəyyən edilmiş, yaxud vəfat etmiş şəxslərin, habelə Çernobıl qəzası nəticələrinin aradan qaldırılmasında iştirak edənlərin və müddətli hərbi xidmət qulluqçularının 8,1 min ailəsinə 13,5 min uşaq üçün aylıq müavinət verilib.
Bundan başqa, 1448 nəfər bir yaşınadək uşağı olan 1441 aztəminatlı ailəyə və beşdən çox uşağı olan 2,4 min qadına 9,1 min uşaq üçün sosial müavinət, əmək xəsarəti və ya peşə xəstəliyi nəticəsində zərərçəkən 354 şəxsə isə kompensasiya ödənilib. Bu ilin üç ayı ərzində məcburi dövlət sosial sığorta haqları hesabına verilənlər istisna olmaqla, 16,2 min ailəyə 16,5 min uşağın anadan olmasına görə, radiasiya qəzası nəticəsində zərər çəkmiş 3,3 min şəxsə müalicə üçün və penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş 1,2 min nəfərə birdəfəlik müavinətlər verilib.
2021-ci il aprelin 1-nə olan məlumata görə, 66,1 min aztəminatlı ailənin 279,0 min üzvü ünvanlı dövlət sosial yardımı alıb və sosial yardımın bir nəfərə düşən orta aylıq məbləği 58,2 manat təşkil edib. Müxtəlif kateqoriyadan olan 293,6 min şəxsə Prezidentinin təqaüdü təyin olunub.