ÜST “Bizim planetimiz, bizim sağlamlığımız” kampaniyasına start verib
Bakı, 7 aprel, AZƏRTAC
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) 7 aprel - Ümumdünya Sağlamlıq Günü ilə əlaqədar xüsusi bir layihəyə start verib.
AZƏRTAC ÜST-nin rəsmi saytına istinadən bildirir ki, təşkilat ölkə liderlərini və bütün insanları yaşadığımız planetin gələcəyini qorumaq üçün “Bizim planetimiz, bizim sağlamlığımız” kampaniyasına qoşulmağa çağırır. Çağırışda deyilir ki, hazırda dünyada bir necə ciddi problemlər yaşanır: siyasi arenada baş verən hadisələr, müharibələrdə istifadə olunan silahlar, qlobal istiləşmə, karbohidrogen yanacağından istifadənin artması səbəbindən yaranan hava çirklənməsi, dünyanın su qıtlığı astanasında olması və s.
Həmçinin bildirilir ki, qlobal istiləşmə nəticəsində fəsillərin yer dəyişməsi prosesi baş verir. Bu isə insanlara və digər canlıların bioloji həyatına ciddi təsir edir. Havaların isinməsi ilə əlaqədar ağcaqanad və digər həşəratlar daha çox virus daşıyıcılarına çevrilir, bu isə infeksion xəstəliklərin surətlə yayılmasına gətirib çıxarır.
Statistikaya əsasən qeyri-sağlam qidaların yaratdığı xərçəng və digər xəstəliklərin hər il əvvəlki ilə nisbətən artması halı müşahidə olunur. “Bizim planetimiz, bizim sağlamlığımız” kampaniyası məhz bu kimi halların nisbətən azaldılması üçün hazırlanmış plandır. Kampaniyada əsas məqsəd bu aksiyaya qoşulan ölkələrin və insanların gələcək nəsillər üçün sağlam bir həyat tərzi platforması yaratmaqdır.
Layihədə, həmçinin plastik məhsullar istehsal edən fabrik və zavodlara çağırış edilir ki, onlar bu məhsulları saxsı və şüşədən istehsal etsinlər.