ÜST: Dünyada COVID-19-a yoluxmaların sayı həftə ərzində 3 faiz artıb
Bakı, 22 dekabr, AZƏRTAC
Dekabrın 12-dən 18-dək 3,7 milyondan artıq insan koronavirus infeksiyasına yoluxub, bu dövrdə 10,4 mindən çox ölüm halları baş verib. Yoluxanların sayı əvvəlki 7 gün ilə müqayisədə 3 faiz artıb, ölüm hallarının sayı isə 6 faiz azalıb.
AZƏRTAC bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) həftəlik bülleteninə istinadla xəbər verir.
ÜST-nin məlumatına görə, dünyada həftə ərzində koronavirusa 3.737.001 yoluxma və 10.482 ölüm faktı qeydə alınıb. Bundan əvvəlki 7 gün ilə müqayisədə (5-11 dekabr) yoluxmaların sayında artım Amerikada (+18 faiz) və Qərbi Sakit okean regionunda (+8 faiz) müəyyən edilib. Bununla yanaşı, həmin göstərici Cənub-Şərqi Asiyada 36 faiz, Afrikada 29 faiz, Şərqi Aralıq dənizi regionunda 26 faiz, Avropada 16 faiz aşağı düşüb.
Ölüm hallarının sayına gəlincə, bu göstərici Afrikada (-95 faiz), Şərqi Aralıq dənizi regionunda (-39 faiz), Avropada (-22 faiz) və Cənub-Qərbi Asiyada (-20 faiz) azalıb. Eyni zamanda, Qərbi Sakit okean regionunda ölüm hallarında 7 faiz artım müşahidə edilib. Ölüm hallarının sayı ötən həftə ondan əvvəlki həftə ilə müqayisədə Amerikada da (+3 faiz) artıb.
Həftə ərzində yoluxanların ən böyük miqdarı barədə Yaponiya xəbər verib - 1.046.650. Sonrakı yerləri Koreya Respublikası (459.811), ABŞ (445.424), Fransa (341.136) və Braziliya (337.810) tutur. 7 gün ərzində daha çox ölüm halları Birləşmiş Ştatlarda müşahidə olunub - 2.658. Bülletendə bildirilir ki, siyahıda sonrakı yerlərdə Yaponiya (1.617), Braziliya (1.133), Fransa (686) və İtaliya (519) gəlir.