Uxanda 200-dən çox sahibsiz qalmış ev heyvanı xilas edilib
Bakı,7 fevral, AZƏRTAC
Uxanın heyvanları müdafiə təşkilatı şəhərdə 200-dən çox sahibsiz qalmış ev heyvanını xilas edib. AZƏRTAC “nat-geo.ru”ya istinadla xəbər verir ki, onların sahibləri Uxanı yanvarın 23-dən əvvəl tərk ediblər və macal tapıb karantindən əvvəl evlərinə dönə bilməyiblər. Nəticədə heyvanlar qapısı bağlı mənzillərdə qalıblar.
Heyvanları müdafiə təşkilatının başçısı deyib: “Əgər biz onlara öz köməyimizi təklif etməsəydik, ev heyvanları sahibləri evə dönənə qədər tələf olardı. Heyvanlara kömək etmək bizim borcumuzdur”.
Heyvan sahibləri qapı qıfıllarının kodlarını təşkilatın əməkdaşlarına təqdim ediblər, lazım gəldikdə qapılarını açdırmaq üçün haqq ödəyiblər. Könüllülər mənzillərə daxil olmalarını videoya çəkiblər və ya heyvan sahibləri ilə videoçat təşkil ediblər. Təşkilat 200-dən çox ev heyvanını pulsuz yeməklə təchiz edib.
Təşkilata ümumən 700-dən çox ailə müraciət edib. Şəhərdə azı 600-800 min ev pişiyi və iti var. Daha əvvəl verilən məlumata görə, şəhərlərin çoxunda ev heyvanlarının küçəyə çıxmasını qadağan edən ciddi qərarlar qəbul edilib.
Məmurlar ehtiyat edirlər ki, ev heyvanları koronavirus daşıyıcısı və ya keçiricisi ola bilər, lakin DST-nin məlumatına görə, ölümcül virusun pişiklərə və ya itlərə keçməsinin heç bir sübutu yoxdur. Son məlumatlara görə, yoluxanların ümumi sayı 31 161 nəfərə çatıb, onların 636-ı dünyasını dəyişib.