SİYASƏT
Vaja Şubitidze: Azərbaycan Prezidenti Qarabağda tarixi ədaləti bərpa etdi

Tbilisi, 21 sentyabr, AZƏRTAC
Azərbaycan Ordusunun 2020-ci ildə 44 günlük müharibədə əldə etdiyi Qələbə regionun gələcəyi üçün böyük ümidlər yaratmışdı. Lakin bəzi qüvvələr bu ümidləri çiçəklənməyə qoymurdular. 2023-cü il sentyabrın 19-da erməni separatçılarının xain hücumundan sonra Azərbaycanın Qarabağ bölgəsində başlatdığı və cəmi bir gün davam edən lokal antiterror tədbirləri tarixi bir Qələbə oldu. Azərbaycan Prezidenti İlham Əliyev bu Qələbə ilə tarixi ədaləti bərpa etdi.
Bu sözləri AZƏRTAC-a müsahibəsində gürcü politoloq, siyasi və tarix elmləri doktoru, Gürcüstan Texniki Universitetinin professoru Vaja Şubitidze söyləyib.
O deyib: “Azərbaycan torpaqları uzun illər idi ki, işğal altında idi. Zaman keçdikcə Azərbaycan Prezidenti bu tarixi ədalətsizliyə son qoymaq üçün əlindən gələni etdi. Prezident İlham Əliyev Ordunu gücləndirdi, xalqla hakimiyyət asındakı birliyi möhkəmləndirdi. Hamını arxasınca aparmağa bacardı və son nəticədə tarixi ədaləti bərpa etdi. Torpaqları işğaldan azad edib, ərazi bütövlüyünü təmin etdi”.
Professor deyib ki, bu gün sadə erməni xalqı da İlham Əliyevə minnətdar olmalıdır. Ona görə ki, İlham Əliyev erməniləri də xaosdan, bəzi qüvvələrin əsarətindən azad etdi.
Onun sözlərinə görə, bu Qələbə təkcə Azərbaycanın deyil, Cənubi Qafqaz ölkələrinin hamısının çiçəklənməsinə, inkişafına təkan verəcək.
“Bu Qələbə, həmçinin digər münaqişələrin də həllinə imkan yaradacaq”, – deyə politoloq vurğulayıb.
Vaja Şubitidze Qarabağdakı parlaq Qələbə münasibətilə Azərbaycan xalqını təbrik edib.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi