VAKANT DÖVLƏT QULLUĞU VƏZİFƏLƏRİNİN TUTULMASI MƏQSƏDİ İLƏ KEÇİRİLƏN MÜSAHİBƏ BAŞA ÇATMIŞDIR
AZƏRTAC xəbər verir ki, vakant dövlət qulluğu vəzifələrinin tutulması məqsədi ilə keçirilən müsahibə başa çatmışdır. Bu barədə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyadan məlumat verilmişdir.
Məlumatda deyilir ki, 2008-ci il iyunun 5-də və 18-də Dövlət Qulluğu Məsələləri üzrə Komissiya 13 dövlət orqanında inzibati vəzifələrin altıncı-doqquzuncu təsnifatlarına uyğun olan 168 vakant dövlət qulluğu vəzifəsinin tutulması üçün müsahibə elan etmişdir. Müsahibədə iştirak etmək üçün sənəd qəbulu müvafiq olaraq iyunun 24-də və iyulun 7-də başa çatmış, 130 (25-i qadın, 105-i isə kişi) namizəd qeydə alınmışdır.
Namizədlərlə müsahibə iyulun 7-də başlamış və iyulun 22-də başa çatmışdır. Qeydiyyatdan keçmiş 130 namizəddən 9-u qadın olmaqla, 54-ü müsahibəni uğurla başa vurmuş və müvafiq vəzifələrə təyin olunmaq üçün dövlət orqanlarının rəhbərinə təqdim edilmişdir.
Müsahibənin yekununa görə aşağıdakı göstəricilər məlum olmuşdur:
Müsahibəyə ən çox vakant vəzifə çıxaran dövlət qurumu - Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (168 vakant dövlət qulluğu vəzifəsindən 83-ü (49,4 faiz));
Ən çox namizəd keçən dövlət qurumu - İqtisadi inkişaf Nazirliyi (qeydiyyatdan keçmiş 130 namizəddən 14-ü (10,77 faiz));
Heç bir namizədin qeydə alınmadığı dövlət qurumu - Sənaye və Energetika Nazirliyi (müsabiqəyə 1 vakant vəzifə çıxarılmışdır).
Müsahibəyə dair ətraflı məlumat və dövlət qulluğuna layiq bilinən namizədlərin dövlət orqanları üzrə statistik cədvəli Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın rəsmi internet saytında (www.dqmk.gov.az və www.csc.gov.az) verilmişdir.