SİYASƏT
VALYUTA EHTİYATLARI ARTDIQCA, ÖLKƏNİN NÜFUZU VƏ POTENSİALI DAHA DA YÜKSƏLƏCƏKDİR
Milli Bankın (MB) idarə heyətinin sədri Elman Rüstəmov AZƏRTAC-a bildirmişdir ki, Azərbaycanın xaricdə yerləşdirilmiş çox böyük həcmdə aktivləri vardır. Bu da hər hansı problem yarandığı halda, həmin vəsaitlərdən səmərəli şəkildə istifadə etməyə imkan yaradacaqdır.
MB rəhbəri demişdir ki, Azərbaycanın strateji ehtiyatları 28 ay ərzində ölkənin idxala olan fasiləsiz tələbatını ödəyə bilər. Beynəlxalq normalarda bu, 3 aylıq nəzərdə tutulur, Azərbaycanda isə təxminən 10 dəfə artıqdır. Xaricdə yerləşdirdiyimiz vəsait və digər dövlətlərin ölkəmizdə yerləşdirdikləri vəsait arasında fərq Azərbaycanın xeyrinə 11 milyard dollardır.
Valyuta ehtiyatlarımızın 20 milyard dollara yaxınlaşması təkcə iqtisadi amil deyil, həm də beynəlxalq siyasətdir, deyən E.Rüstəmovun fikrincə, bu vəsaitlər artdıqca, ölkənin nüfuzu və potensialı daha da yüksələcəkdir.