Vaqif Əsədov: Paytaxt yollarında tıxac və sıxlığı yaradan hallar diqqətdə saxlanılır
Bakı, 27 aprel, AZƏRTAC
Paytaxt yollarında tıxac və sıxlığı yaradan hallar diqqətdə saxlanılır. Bakının küçə və prospektlərində günün pik saatlarında yarana biləcək sıxlığın qarşısını almaq məqsədilə tədbirlər davam etdirilir.
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov AZƏRTAC-a bildirib ki, inzibati ərazi üzrə avtomobil hərəkətinin intensiv olduğu istiqamətlərdə yol təmiri ilə əlaqədar olaraq sürücülər təmkinlə və ehtiyatla qaydalara əməl etməlidirlər. Xüsusilə, yerlərdə aparılan monitorinq və araşdırmalar göstərir ki, təmirlə bağlı məhdudlaşdırılan yollarda sürücülərin əksəriyyəti qarşı yola keçməklə üstünlüyü olan avtomobilin hərəkətini dayandırmaqla süni tıxacın yaranmasına səbəb olur. Yol qovşaqlarında hərəkət işıqforlarla, yol nişanları ilə nizamlanır. Qanunvericiliyin tələblərinə müvafiq olaraq, bir sıra hallarda yollarda qurulan texnologiyalara məhəl qoyulmur. Süni olaraq yaranan tıxacların və sıxlığın aradan qaldırılması, yaxud yaranmaması üçün əlavə naryad-qüvvələr cəlb olunur. Günün pik saatlarında süni tıxac və sıxlığın intensiv olduğu yollarda vəziyyətin aradan qalxması üçün hər bir sürücüyə tövsiyə olunur ki, nəzərdə tutulan zolaq üzrə hərəkətə üstünlük verməklə avtomobillərini idarə etsinlər. Hər bir şəhər sakini evdən çıxıb hansısa ünvana gedərkən ilk olaraq mənzil başına tez çatmaq haqqında fikirləşir. Ancaq o, təkcə özünü yox, başqalarını da düşünməli, yolda zəncirvarı problemlər yaratmamalı, tövsiyələrə həssas yanaşmalıdır. Yollarda hər bir hərəkət iştirakçısının konkret vəzifəsi ondan ibarətdir ki, qaydalara əməl etsin, məsuliyyətini dərk etməklə, təkcə özünün yox, başqalarının da hüquqlarına hörmətlə yanaşsın.