VAQİF MUSTAFAZADƏNİN XATİRƏSİNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLMİŞDİR
İştirakçılar əvvəlcə gənc musiqiçi Nizami Əliyevin ifasında “Düşüncələr” adlı məşhur caz kompozisiyasını dinləmişlər.
Görkəmli musiqiçinin yaxın qohumu Afaq Əliyeva tədbiri açaraq diqqətə çatdırmışdır ki, onun təşəbbüsü ilə muzeydə V.Mustafazadə adına mədəni-xeyriyyəçilik fondu yaradılmışdır. O həmçinin bildirmişdir ki, 1979-cu il dekabrın 16-da Vaqif Daşkənddə konsert verərkən vəfat etmişdir.
Caz-muğam həvəskarlarının muzeylə tanışlığı onun fasadına vurulmuş xalq rəssamı, Dövlət mükafatı laureatı, heykəltəraş Ömər Eldarovun məşhur cazmenin barelyefi ilə başlanır. Muzeyin divarlarında Vaqifin yaxın adamlarının, o cümlədən atasının yolu ilə gedən qızlarının - Əzizə və Lalənin fotoşəkilləri diqqəti cəlb edir.
Vaqif Mustafazadə bir neçə ansambl yaratmışdı. Gürcüstan Dövlət Filarmoniyasının nəzdində “Qafqaz” adlı caz üçlüyü, “Leyli”, “Sevil”, “Muğam” və sair ansambllar belələrindəndir. Cazmen bir sıra (“Tallin-66”, “Tallin-67”, “Caz-69”) festivalların qalibi olmuşdur. Monakoda keçirilən gizli beynəlxalq müsabiqədə iştirak edərək röyalda ifasına görə birinci mükafata layiq görülmüşdür.
Xalq yazıçısı Rüstəm İbrahimbəyovun, professor Rafiq Hüseynovun, teatr və kino aktyorlarının, musiqiçilərin və cazmenin yaxınlarının, dostlarının iştirakı ilə keçirilən tədbirdə rejissor Rafiq Həşimovun Vaqif Mustafazadənin xatirəsinə həsr olunmuş sənədli filmi nümayiş etdirilmişdir.