VAQİF SƏMƏDOĞLUNUN ŞERLƏR KİTABI GÜRCÜ DİLİNDƏ
“İntellekt” nəşriyyatı Xalq şairi, Milli Məclisin deputatı Vaqif Səmədoğlunun “Azadlıq, azadlıq, övladınam mən” şerlər kitabını bu günlərdə gürcü dilində Tbilisidəki nəfis tərtibatda çapdan buraxmışdır. Şerləri gürcü dilinə İmir Məmmədli tərcümə etmişdir.
Gürcüstanın ədəbi dairələrində müsbət hadisə kimi qarşılanan bu kitabın Gürcüstan Dövlət Filarmoniyasında təqdimat mərasimi keçirilmişdir.
Mərasimi “İntellekt” nəşriyyatının direktoru Qaxa Kudava açaraq, Vaqif Səmədoğlunun həyat və yaradıcılığından, onun atası - böyük Azərbaycan şairi Səməd Vurğunun gürcü xalqının yaxın dostu olmasından, Gürcüstanın görkəmli ədəbiyyat və mədəniyyət xadimləri ilə səmimi dostluğundan, bu diyarı tərənnüm edən şerlər yazdığından danışdı. O, Vaqif Səmədoğlunun da Gürcüstana böyük məhəbbəti olduğunu vurğulayaraq dedi: “Biz Vaqif Səmədoğlunun ölkəmizə xoş hisslər bəslədiyini Strasburqda, Avropa Şurası Parlament Assambleyasının iclasındakı çıxışında bir daha yəqin etdik. O, Azərbaycan parlamentinin AŞPA-dakı nümayəndə heyətinin rəhbəri İlham Əliyevdən sonra çıxış edərək, Azərbaycan kimi, Gürcüstanın da ərazi bütövlüyünün bərpa edilməsi məsələsini qətiyyətlə qaldırdı. Biz buna görə Vaqif Səmədoğluna minnətdarıq”.
Mərasimdə Azərbaycanın Tbilisidəki səfiri Hacan Hacıyev, “Gürcüstan” qəzetinin baş redaktoru Süleyman Süleymanov, Kvemo Kartli - Borçalı bölgəsinin qubernatoru Levan Mamaladze və kitabın tərcüməçisi İmir Məmmədli çıxış edərək, prezidentlər Heydər Əliyevin və Eduard Şevardnadzenin səyləri sayəsində Azərbaycan və gürcü xalqlarının ədəbiyyat və mədəniyyət sahəsində də əlaqələrinin genişlənməsindən söhbət açdılar.
Şahismayıl Məmmədov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi