Varşavada keçirilən seminarda Azərbaycanda insan hüquqlarının müdafiəsi sahəsində reallaşdırılan islahatlardan danışılıb
Bakı, 6 iyun, AZƏRTAC
Varşava şəhərində “ATƏT məkanında insan hüquqlarının təşviqi və müdafiəsində milli insan hüquqları institutlarının rolu” mövzusunda ATƏT-in insan ölçüsü üzrə seminarı keçirilib. Azərbaycan Respublikası Ombudsman Aparatının rəhbəri Aydın Səfixanlı seminarda iştirak edib.
Ombudsman Aparatının mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, gündəliyə əsasən seminarda dörd işçi qrupunda müzakirələr aparılıb. Aydın Səfixanlı hər dörd işçi iclasında müvafiq mövzularda məruzə ilə çıxış edib.
O, Azərbaycanda insan hüquq və azadlıqlarının daha səmərəli müdafiəsi və təmini istiqamətində hüquqi islahatların uğurla davam etdirildiyini, insan hüquq və azadlıqlarının müdafiəsinin Azərbaycan dövlətinin prioritet məqsədi olduğunu, səmərəli hüquq müdafiə mexanizmlərinin təsis edildiyini, artıq 13 ildir ölkəmizdə Ombudsman təsisatının fəaliyyət göstərdiyini diqqətə çatdırıb. A.Səfixanlı Prezident İlham Əliyevin 2011-ci il 27 dekabr tarixli Sərəncamı ilə Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramının təsdiq olunduğunu, ötən müddətdə Proqramda nəzərdə tutulmuş müddəaların həyata keçirilməsi istiqamətində müvafiq dövlət orqanları tərəfindən kompleks tədbirlərin həyata keçirildiyini, bu istiqamətdə vətəndaş cəmiyyəti təşkilatları ilə sıx əməkdaşlıq edildiyini bildirib. Bundan başqa, Proqramın təbliği və tətbiqi vəziyyətinin öyrənilməsi məqsədilə respublikanın hər bir rayonunda yerli icra hakimiyyəti və hüquq mühafizə orqanlarının, bələdiyyələrin, qeyri-hökumət təşkilatlarının, KİV nümayəndələrinin iştirakı ilə ictimai dinləmələrin təşkil olunduğu, 18 iyun - İnsan Hüquqları Günü ərəfəsində həm dövlət qurumları, həm də vətəndaş cəmiyyəti institutlarının fəal iştirakı ilə “insan hüquqları aylığı”nın keçirildiyi, Avropa İttifaqı tərəfindən reallaşdırılan Twinning, TAIEX layihələri və “Şərq tərəfdaşlığı” proqramında yaxından iştirak edildiyi diqqətə çatdırılıb.
Aparatın rəhbəri Azərbaycanın işgəncələrin qarşısının alınmasına dair konvensiyalara qoşulması, ölkəmizdə müvafiq sahədə islahatların həyata keçirilməsi barədə də ətraflı məlumat verib. O, həmçinin Azərbaycan Prezidentinin 2012-ci il 29 dekabr tarixli Fərmanı ilə təsdiq edilən “Azərbaycan 2020: Gələcəyə Baxış” İnkişaf Konsepsiyasının məqsədləri haqqında söhbət açıb.
A.Səfixanlının hər dörd işçi qrupundakı çıxışı tədbirin rəsmi sənədləri sırasına daxil edilib və ATƏT-in saytında yayılıb.