DÜNYA
VAŞİNQTONUN GUÖAM-DAN DAHA ÇOX XOŞU GƏLİR
ABŞ postsovet dövlətləri ilə qrup əsasında deyil, fərdi əsasda münasibətlər qurmağa çalışır. Söhbət regional təşkilatlardan gedirsə, görünür, ABŞ-ın başqalarına nisbətən Gürcüstan, Ukrayna, Özbəkistan, Azərbaycan və Moldovanı birləşdirən GUÖAM-dan daha çox xoşu gəlir. İTAR-TASS-ın müxbiri buna ABŞ Dövlət Departamentinin əməkdaşı ilə söhbəti zamanı əmin olmuşdur. O, adının gizli saxlanması şərtilə, Vaşinqtonun keçmiş SSRİ respublikaları ilə münasibətlərini müzakirə etməyə razılıq vermişdir.
Məlum olduğu kimi, postsovet məkanında ən iri regional təşkilat Müstəqil Dövlətlər Birliyidir. Lakin, görünür, Vaşinqtonda MDB-nin adını da çəkmək istəmirlər, sanki belə bir qurum heç yoxdur. Bu quruma rəsmi münasibət açıq-aşkar bitərəf xarakter daşıyır. ABŞ Dövlət Departamentinin əməkdaşı bununla əlaqədar demişdir. “Bizə həmişə elə gəlmişdir ki, əgər hər hansı bir ölkə MDB-də iştirak etmək istəyirsə, deməli, bunda marağı vardır, bu isə onun öz işidir”.
Onun sözlərinə görə, istənilən regional quruma qiymət verilərkən Vaşinqton üçün əsas meyar onun səmərəliliyidir. Amerika diplomatı demişdir: “Biz özümüzə belə bir sual veririk: bu birlik real olaraq hansı yaxşı işləri görür? Problemlərin real həllinə bir töhfəsi varmı? Bu, açıq təşkilatdır, yoxsa qapalı?”.
ABŞ Şanxay Əməkdaşlıq Təşkilatına da elə həmin mövqedən yanaşmaq niyyətindədir. Lakin bu təşkilat nisbətən bu yaxınlardan mövcuddur və Vaşinqtonda hələlik ona “göz qoyurlar”. GUÖAM barədə isə artıq müəyyən fikir formalaşmışdır, bu, regional iqtisadiyyatın, nəqliyyat infrastrukturunun inkişafına, sərhədlərin qorunmasında əməkdaşlığa və s. kömək etməyə qadir olan “maraqlı mexanizm”dir. Son nəticədə ABŞ hökumətinin onu qiymətləndirməsi “GUÖAM-ın bütün bunları real surətdə həyata keçirib -keçirməyəcəyindən asılı olacaqdır”.