VATİKAN DİNLƏRARASI DİALOQA DAİR YENİ SƏNƏD HAZIRLAYIR
AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, Vatikanın Dinlərarası Dialoq Şurası ayrı-ayrı dinlər arasında münasibətlərin müxtəlif aspektlərinə və problemlərinə həsr olunmuş yeni sənəd hazırlayır.
Roma Papası XVI Benedikt onun pontifikliyi dövründə ilk dəfə keçirilən Dinlərarası Dialoq Şurasının plenar assambleyası iştirakçılarına müraciətində ümidvar olduğunu bildirmişdir ki, yeni sənəd müxtəlif ölkələrdə, xüsusilə də müxtəlif dinlərin və mədəniyyətlərin yanaşı yaşadığı ölkələrdə katolik kilsəsinə əhəmiyyətli yardım göstərəcəkdir.
Roma Papası demişdir: “Dinlərarası dialoqun iştirakçılarının öz etiqadlarında möhkəm olmaları və başqalarının etiqadlarını yaxşı bilmələri çox vacibdir”.
Həqiqətə məsuliyyətlə xidmətin zəruriliyini xatırladan Roma Papası demişdir ki, məhz məhəbbət dindarları dialoqa və əməkdaşlığa sövq edir. O demişdir: “İkinci Vatikan Məclisi vaxtlarından kilsə müxtəlif dini ənənələr üçün ümumi olan elementlərə xüsusi diqqət yetirir”.
Dinlərarası Dialoq Şurasının başçısı kardinal Jan-Lui Toranın sözlərinə görə, yeni sənədin əsasını bütün dindarların Tanrı və yaxınları ilə münasibətlərində müraciət edə biləcəkləri bir növ ümumdünya qrammatikası olan Dekaloq (10 ehkam) təşkil edəcəkdir.
Kardinal hesab edir ki, dindarları öz etiqadlarını bölüşməyə, habelə başqalarının etiqadlarını nəzərə almağa hazırlamaq lazımdır. Bir çox insanların dialoqdan çəkindiyini etiraf edən kardinal demişdir: “Biz dinlərdən deyil, onların ardıcıllarından qorxmalıyıq. Yalnız onlar Tanrıya zidd olan çirkin məqsədləri naminə dindən istifadə edib, onu təhrif edə bilərlər”.