Vaxtında peyvəndlənməmək fəsadlara səbəb ola bilər
Bakı, 9 yanvar, AZƏRTAC
“Qızılcanın yayılmasının səbəbi valideynlərin maariflənməməsi və peyvənd edilməyən uşaqların xəstəliyi ağır keçirməsidir. Xəstəliyin çox böyük səbəbi peyvənd edilməməklə əlaqədardır. Yaxud uşaq vaxtı həmin xəstəliyi keçirməmək və yaşlı vaxtda yoluxmaq, eləcə də xəstəliyin uşaqlardan böyüklərə keçməsi nəticəsində də ağırlaşmalar yaranır”.
AZƏRTAC xəbər verir ki, bunu həkim-allerqoloq Royalə Babayeva qızılcanın yaranma səbəbləri və kütləvi yoluxmanın meydana çıxması səbəbləri barədə danışaraq deyib.
Xəstəliyin ilkin əlamətləri burun axıntısı, qızdırma, öskürək, gözlərdə sulanma və qızartıdır. Virusa yoluxanlarda işığa qarşı həssaslıq yaranır, ardınca ağız içində ağ nöqtələr və dəridə səpgilər meydana gəlməyə başlayır. Mütəxəssislər həmin əlamətlər zamanı təcrid olunmağı və həkimə müraciət etməyi məsləhət görürlər.
Xəstəliyin ölümlə nəticələnmə halları ilə əlaqədar həkim-allerqoloq deyib: “Həmin hal daha çox altı aydan kiçik uşaqlarda, immun sistemi formalaşmayan südəmər körpələrdə, eləcə də xroniki böyrək, ağciyər, qaraciyər, şəkərli diabet və hipertoniyası olanlarda baş verir. Orqanizmində A vitamini çatışmazlığı olanlar da risk qrupundadır”.
Mütəxəssislər bildirirlər ki, yoluxma və ölüm sayının artmasında valideynlər də məsuliyyət daşıyır. Səhlənkarlıq edərək peyvənddən yayınmaq ağır faciələrlə nəticələnə bilər. Qızılcadan sığortalanmaq üçün vaxtında peyvənd olunmaq lazımdır.