VERGİ MƏCƏLLƏSİNƏ ƏLAVƏLƏR VƏ DƏYİŞİKLİKLƏR EDİLƏCƏKDİR
Vergilər nazirinin müavini Natiq Əmirov qanun layihəsi barədə məlumat verərək demişdir ki, Vergi Məcəlləsinə 80-dən çox əlavə və dəyişiklik ediləcəkdir. Əlavə və dəyişikliklərin böyük əksəriyyəti vergi siyasətinin və vergi nəzarətinin təkmilləşdirilməsinə, vergi inzibatçılığında hesablamaların sadələşdirilməsinə xidmət edəcəkdir. Bir neçə əlavə və dəyişiklik isə redaktə xarakterlidir. Təklif olunan dəyişikliklər həm də vergidən yayınmanın qarşısını alacaq, hüququ və fiziki şəxslərin vergi yükünü azaldacaqdır. Əsas dəyişikliklərdən biri şərti maliyyə vahidi ilə bağlıdır. Belə ki, gələn ildən şərti maliyyə vahidindən imtina edilərək bütün cərimələr, hesablaşmalar və digər əməliyyatlar manatla dəqiq ifadə olunaraq həyata keçiriləcəkdir.
Sonra “Azərbaycan Respublikasında 2007-ci il üçün yaşayış minimumu və ehtiyac meyarının həddi haqqında” qanun layihəsinə baxılmışdır. Qeyd olunmuşdur ki, 2007-ci ildə yaşayış minimumu orta hesabla 64 manat nəzərdə tutulur. Ehtiyac meyarı isə 2007-ci il yanvarın 1-də 35 manata, iyulun 1-dən isə 40 manata çatdırılacaqdır.
“Azərbaycan Respublikası Hesablama Palatasının 2007-ci il üçün xərclər smetası haqqında” Milli Məclisin Qərarının layihəsi”nin müzakirəsində bildirildi ki, Hesablama Palatasının 2007-ci il üçün xərcləri 1 milyon 456 min 129 manat nəzərdə tutulmuşdur. Bu vəsaitin 124 min 344 manatı Hesablama Palatasının üzvlərinin, 424 min 8 manatı Hesablama Palatasının işçilərinin əmək haqlarına, qalanı isə təyinatı üzrə digər istiqamətlərə xərclənəcəkdir.
Deputatlar və dəvət olunmuş mütəxəssislərin rəy və təklifləri dinlənildikdən sonra qanun layihələri təsdiqlənmək üçün Milli Məclisin müzakirəsinə tövsiyə olunmuşdur.