İQTİSADİYYAT
VERGİLƏR NAZİRLİYİ MƏTBUAT XİDMƏTİNİN MƏLUMATI
Mayın 13-də Vergilər Nazirliyi Operativ nəzarət idarəsinin əməkdaşları Bakı şəhərində və ətraf rayonlarda bir neçə gizli sex aşkar etmişlər. Yasamal rayonu ərazisində Qanlıgöl ətrafındakı yaşayış sahələrinin birində qeyri-qanuni fəaliyyət göstərən, o cümlədən vergi qeydiyyatında olmayan ət emalı sexi daha çox maraq doğurmuşdur.
Vergilər Nazirliyi mətbuat xidmətinin məlumatına görə, 10 nəfərədək işçinin çalışdığı həmin sexdə antisanitar şəraitdə at ətinin kəsildiyi və atların saxlandığı məlum olmuşdur. Baxış zamanı saxlanan atların dərisi üzərində müxtəlif yaralar, bəzi atlarda isə sınıq müəyyən edilmişdir. Burada kəsilmiş atların ətinin yükləndiyi AZ 10-QS 543 dövlət nömrə nişanlı “Jiquli” markalı avtomobil də qeydə alınmışdır. Özünü obyektin sahibi kimi təqdim edən Bəsti adlı şəxs bu işlə 7-8 ay məşğul olduğunu, bir neçə gün öncə 60 baş at aldığını, bunun yarısının isə kəsilib satıldığını bildirmişdir. O, müxtəlif rayonlardan 250-300 min manata aldığı hər bir atdan 80-100 kiloqram ət əldə etdiyini, məhsulun 1 kiloqramını isə 10 min manata satdığını söyləyir. Məhsul mal əti adı ilə əsasən Bakının Dəmiryolu vağzalı ətrafındakı obyektlərə realizə olunurmuş.
Sözügedən ərazidə daha bir gizli sexdə bağırsaq emalı, o cümlədən cərrahiyyə sapının istehsalı qeydə alınmışdır. Baxış zamanı bu sexin sahibi obyekti xəlvəti tərk etdiyi üçün onun şəxsiyyətini müəyyənləşdirmək hələlik mümkün olmamışdır. Şahidlərin ifadəsinə görə, bir ildir fəaliyyət göstərən sexin məhsulunun bir hissəsindən kolbasa məmulatı hazırlanır, qalanı isə xammal şəklində ixrac edilirmiş. Eyni zamanda, sexdə hazırlanmış cərrahiyyə sapının Türkiyəyə ixrac olunduğu bildirilir.
Növbəti gizli sex isə Bakı-Sumqayıt şossesi ətrafında 3 mərtəbəli evin birinci mərtəbəsində aşkar edilmişdir. Sahəsi 200-250 kvadratmetr olan bu sexdə antisanitar şəraitdə limonad və müxtəlif adda sərinləşdirici içkilər istehsal olunurmuş. Ev sahibi Güloğlan adlı şəxs vergi xidməti əməkdaşlarına sexin fəaliyyəti ilə əlaqədar heç bir sənəd təqdim edə bilməmişdir.
Bu və digər faktlarla bağlı inzibati qaydada tədbir görülmüş və protokol tərtib olunmuşdur.