Vətən müharibəsi qazisi: Əsgərlərimizin qəhrəmanlıqları qarşısında düşmən çaş-baş qalmışdı
İstanbul, 1 noyabr, AZƏRTAC
Qarabağ müharibəsini xatırladıqda bütün səhnələr gözümün önündə canlanır və bir onu bilirəm ki, Vətən uğrunda gedən o döyüşlərdə hər kəs həqiqətən də var gücü ilə savaşdı. Oğullarımız elə qəhrəmanlıqlar nümayiş etdirdilər ki, bunu sözlə ifadə etmək olmur. İnanılmaz döyüş idi. Təsəvvür edin, həm artilleriya mərmiləri, həm də güllələr yağış kimi başımıza yağırdı. Lakin, bizim oğullarımız buna baxmayaraq yenə də ermənilərə tərəf hücum edirdilər. Bu qəhrəmanlıqların qarşısında düşmən çaş-baş qalmışdı. Onlar əllərində silah olmasına baxmayaraq bizim yalın əllə belə hücuma keçən əsgərlərimizi gördükdə qorxaraq silahlarını atıb qaçırdılar. Həqiqətən də o günlər ermənilər bu qüvvənin, Azərbaycan Ordusunun qarşısında tab gətirə bilməyəcəklərini anladılar. Bunu etmək mümkün də deyildi. Hər kəs bir nəfər kimi torpaqlarımızın azadlığı uğrunda canından keçməyə hazır vəziyyətdə çıxmışdı bu yola. Biz haqq yolunda, Vətənimiz, soyqırıma, haqsızlığa uğrayan bacı-qardaşlarımızın intiqamını almaq üçün vuruşduq. Ürəyimizdə illərlə yığılan qisas hissi var idi. Ermənilər də öz əməllərini çox gözəl bilirdilər və elə onun üçün də qarşımızı ala bilməyəcəklərini başa düşürdülər.
Bu fikirləri AZƏRTAC-a müsahibəsində “YAŞAT” Fondunun dəstəyi ilə Türkiyədə müalicə alan qazimiz Mehman Şirəliyev ifadə edib.
“Müzəffər Ali Baş Komandanımıza çox minnətdarıq. Sonuna qədər arxamızda durdu. O günlər həm Prezidentimizin, həm də xalqımızın dəstəyi bizə çox böyük ruh yüksəkliyi verirdi. Bütün Azərbaycan o 44 günlük Vətən müharibəsində tək amal üçün bir oldu. Cəbhə bölgəsinə getmək istəyənlərin ardı-arası kəsilmirdi, çox böyük axın var idi. Bütün Azərbaycan ayağa qalxmışdı. Ordumuz düşməni darmadağın etdi. Təbii ki, müharibə itkisiz olmur. Allah şəhidlərimizə rəhmət etsin, ailələrinə səbir, qazilərimizə isə can sağlığı versin. Hər biri bir qəhrəmanlıq nümunəsidir. Lakin bunu unutmayaq ki, biz ölümü gözə alaraq bu yola çıxmışdıq. Tarixə baxdıqda son əlli, bəlkə də yüz il belə qələbəmiz olmamışdı. Biz bu müharibədə Müzəffər Ali Baş Komandanımızın dəmir yumruğunu ermənilərin başına endirərək şanlı Zəfərə imza atdıq” - deyərək qazimiz davam edib: “İyirmi ildən artıqdır ki, hərbçiyəm. Uşaqlıqdan kəşfiyyata marağım olduğu üçün həqiqi hərbi xidmətimi başa vurduqdan sonra Xüsusi Təyinatlı Qüvvələrin tərkibinə daxil oldum. Orada kurs keçdim və xidmətimi davam etdirdim. Yaralanmağıma gəldikdə, oktyabrın 22-də Şuşa istiqamətində hərəkət edərkən Xocavənd rayonunun Qırmızı Bazar qəsəbəsində düşmən tərəfindən açılan artilleriya atəşi nəticəsində yaralandım. Sağ qalmağımın əsas səbəbkarı Vətən Müharibəsi Qəhrəmanı, şəhid Mehrab Niftəliyev oldu. Mənə döyüş meydanında ilk tibbi yardımı məhz Mehrab göstərdi. Sona qədər, təxminən 7-8 saat yanımda qaldı. Mən bölgədən təxliyə edildim Mehrab isə irəli getdi. Artıq xəstəxanada qəhrəmanımızın Şuşada şəhid olması xəbərini aldım. Allah rəhmət eləsin, həqiqətən də çox igid oğlan idi”.
Hazırda müalicəsinin qardaş Türkiyədə davam etdirilməsi üçün ona göstərilən dəstəyə görə başda Prezident İlham Əliyev olmaqla “YAŞAT” Fonduna öz minnətdarlığını bildirən Mehman Şirəliyev deyib: “Dövlətimiz sözün əsl mənasında bizim üçün əlindən gələni edir. Buna görə çox minnətdaram. Burada da bizə nəzarət edən nümayəndə var, hər bir çətinliyimiz dərhal həll olunur. Həkimlər tam sağalacağımı deyirlər. Mən də Allanın köməkliyi ilə müalicəmi bitirib yenidən xidmətə qayıdacağım günü gözləyirəm”.
YAŞAT Fondu — Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fondudur. Fond Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən olunmuş hərbi qulluqçulara və şəhid olmuş şəxslərin ailələrinin üzvlərinə; işğaldan azad edilmiş ərazilərdə xidməti vəzifələrini yerinə yetirərkən, habelə hərbi əməliyyatlar bitdikdən sonra onun nəticələrinin aradan qaldırılmasında iştirak etməsi nəticəsində əlilliyi müəyyən olunmuş dövlət orqanlarının (qurumlarının) əməkdaşlarına və ya həlak olmuş əməkdaşların ailə üzvlərinə sosial müdafiə sahəsində dövlət tərəfindən həyata keçirilən tədbirlərə əlavə dəstək verilməsi (maliyyə yardımlarının göstərilməsi və digər dəstək tədbirlərinin həyata keçirilməsi) üçün şəffaf, effektiv və əlçatan platformanın formalaşdırılması məqsədilə yaradılıb.
Xatırladaq ki, Fond tərəfindən bu günə qədər 144 qazimiz müalicə üçün Türkiyəyə göndərilib. Onlardan 98-nin müalicə proseduru artıq uğurla yekunlaşıb və Vətənə qayıdıblar. Qazilərimizin qarşıdakı aylarda müalicəsi üçün nəzərdə tutulan dərman vasitələri də Fond tərəfindən təmin edilib.
Günel Məlikova
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul