CƏMİYYƏT
Vətən müharibəsi qazisinin müalicəsi Türkiyədə davam etdirilir



Bakı, 13 iyul, AZƏRTAC
Vətən müharibəsi qazisi, müzəffər Azərbaycan Ordusunun əsgəri Ataxanlı Əfsər Tələt oğlu 1999-cu il iyunun 28-də Yardımlı rayonunun Horonu kəndində anadan olub. Əfsər orta təhsilini kənd məktəbində başa vurduqdan sonra həqiqi hərbi xidmətə yollanıb. O, ötən ilin payızında torpaqların erməni quldurlarının işğalından azad edilməsi uğrunda haqq savaşında Füzuli uğrunda gedən döyüşlərin iştirakçısıdır.
AZƏRTAC xəbər verir ki, Əfsər sentyabrın 27-də başlayan Vətən müharibəsinin ilk günündən Ermənistanın törətdiyi təxribatların qarşısını almaq üçün silaha sarılıb. Oktyabrın 6-da həmin döyüşlərdə boğazından və sol dizindən qəlpə yarası alıb.
Vətən müharibəsində göstərdiyi igidliyə görə “Cəsur döyüşçü” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilən Əfsər müharibədə baş verənləri xatırlamaqda çətinlik çəkir. Bəzi faktları ailəsinin köməyi ilə xatırlayan Qarabağ müharibəsi qazisi dəfələrlə əməliyyat olunduğunu bildirir: “Yaralandıqdan sonra əvvəlcə Füzulidəki hospitala yerləşdirilmişəm. Bir müddət Bakıdakı hospitallarda müalicə olunandan sonra martda “YAŞAT” Fondunun dəstəyi ilə Türkiyəyə aparıldım. Bütün müalicə xərclərim fond tərəfindən ödənilib. Hazırda Türkiyədə müalicəm davam etdirilir. Əlil arabasından istifadə edirəm, amma ümidlərimi də itirməmişəm. Həkimlərin köməyi ilə nə vaxtsa ayağa qalxıb sağlamlığıma qovuşacağıma inanıram”.
Göstərilən dövlət qayğısından razılığını ifadə edən Əfsər onun həyata qayıtması üçün əməyi keçən bütün həkimlərə və “YAŞAT” Fondunun əməkdaşlarına dərin minnətdarlığını bildirib. O, qeyd edib ki, lazım gələrsə, Vətən uğrunda son nəfəsinə, son damla qanına qədər hər şeyə hazırdır.