Vətən müharibəsində Kəngərli rayonunun igidləri də şücaət və qəhrəmanlıq göstəriblər
Kəngərli, 4 noyabr, AZƏRTAC
Vətən müharibəsində Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qüdrətli Azərbaycan Ordusu tarixi ədaləti bərpa edərək torpaqlarımızı işğaldan azad etdi. Bu döyüşlərdə muxtar respublikanın Kəngərli rayonundan olan Vətən oğulları da torpaqlarımızın bütövlüyü uğrunda vuruşaraq qəhrəmancasına şəhidlik zirvəsinə ucalıblar.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, bu sözləri Vətən müharibəsi zamanı Azərbaycan Respublikası ərazilərinin azad edilməsi uğrunda şəhid olmuş, Azərbaycan Respublikası Prezidenti tərəfindən təltif edilmiş şəxslərin ailə üzvlərinə və qazilərə medal və vəsiqələrin təqdim olunması ilə bağlı Kəngərli Rayon İcra Hakimiyyətində keçirilən tədbirdə çıxış edən rayon icra hakimiyyətinin başçısı Kamal Ələkbərov deyib.
Tədbirdə əvvəlcə şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Kəngərli Rayon Şöbəsinin rəisi vəzifəsini icra edən kapitan Habil Niftəliyev çıxışında bildirib ki, Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən, şəhid baş leytenant Qasımov Həmid Oruc oğlu “Laçının azad olunmasına görə” və “Suqovuşanın azad olunmasına görə” medalları, şəhid əsgər İbrahimov Qurban Namiq oğlu “Azərbaycan Bayrağı” ordeni, “Vətən uğrunda” və “Şuşanın azad olunmasına görə” medalları, şəhid əsgər Yüzbaşyev İsmayıl Fəzayıl oğlu “Vətən uğrunda”, “İgidliyə görə” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif olunublar.
Sonra şəhid ailələrinə orden və medallar təqdim edilib.
Sonda şəhid ailələri onlara göstərilən diqqət və qayğıya görə dövlətimizə minnətdarlıqlarını bildiriblər.