Vətən müharibəsində şəhid olmuş 18 həkimin xatirəsinə həsr edilmiş tədbir keçirilib
Bakı, 3 noyabr, AZƏRTAC
Noyabrın 3-də Azərbaycan Respublikası Müdafiə Nazirliyi, Badamdar qəsəbə Mədəniyyət Evi, Azərbaycan Tibb Universiteti, Vətən Müharibəsi Əlillərinə Kömək İctimai Birliyinin birgə təşkilatçılığı ilə 44 günlük Vətən müharibəsində şəhid olmuş 18 həkimin xatirəsinə həsr olunmuş tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə Müdafiə Nazirliyinin rəsmiləri, Tibb Universitetinin rəhbərliyi, Vətən Müharibəsi Əlillərinə Kömək İctimai Birliyinin idarə heyəti və tanınmış ictimaiyyət nümayəndələri iştirak ediblər.
Çıxış edənlər 44 günlük Vətən müharibəsi dövrünə nəzər salaraq Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında fədakarlıq göstərmiş Azərbaycan Ordusunun, o cümlədən tibb işçilərinin erməni silahlı birləşmələri tərəfindən işğal edilmiş Qarabağ torpaqlarımızın düşməndən azad edilməsində göstərdikləri tarixi Zəfərdən bəhs ediblər. Bildirilib ki, 44 günlük haqq savaşında qəhrəmancasına vuruşaraq şəhidlik zirvəsinə ucalmış igidlərə və onların ailələrinə diqqət və dəstək göstərmək hər bir azərbaycanlının vətəndaşlıq borcudur.
Tədbirdə çıxış edən Müdafiə Nazirliyinin əməkdaşı, polkovnik-leytenant Firavan Şərfalıyev qeyd edib ki, 44 günlük müharibə zamanı öz peşə fəaliyyətlərini şərəflə yerinə yetirərkən şəhid olmuş həkimlərin əziz xatirəsi ehtiramla anılaraq örnək kimi yeni nəslə təbliğ edilməlidir: “Şəhidlərin anım gününə həsr edilmiş bu cür tədbirlərin keçirilməsi ciddi əhəmiyyət kəsb edir. Biz unutmamalıyıq ki, İkinci Qarabağ müharibəsi nəticəsində qazanılan Zəfərdə həkimlərin rolu böyükdür”.
Şəhid tibb işçilərinin ailələrinə dərin başsağlığı verən Azərbaycan Tibb Universitetinin rektoru, professor Gəray Gəraybəyli vurğulayıb ki, Vətən müharibəsində iştirak edən tibb işçiləri əllərindən gələni əsirgəməyiblər: “Tibb Universitetinin müharibədə şəhid olmuş yetirmələrinin hər birinin öz döyüş hekayələri var idi. Bəlkə də müharibədən sonra o xatirələrini doğmaları ilə bölüşəcəkdilər. Təəssüf ki, qismət olmadı. Biz şəhid ailələrinə demək istəyirik ki, yükünüz yükümüzdür, acınız acımızdır”.
Şəhid həkimlərin xatirəsinə həsr edilmiş tədbirdə, həmçinin Azərbaycan Tibb Universitetinin Hərbi Tibb Fakültəsinin rəisi Çingiz Əlləzov da çıxış edib. Bildirib ki, İkinci Qarabağ müharibəsində ümumilikdə 159 tibb işçisi yaralanıb, 42 nəfər isə şəhid olub: “Müharibədə şəhid olan tibb işçilərinin 18 nəfəri həkimdir. Həmin hərbi həkimlər bizim universitetin hərbi tibb fakültəsinin yetirmələridir. Vətən müharibəsində şəhid olmuş həkimlərin, ümumiyyətlə bütün əsgər və zabitlərə Allahdan rəhmət, qazilərə isə şəfa diləyirik. Bu cür anım tədbirlərinin keçirilməsi isə Azərbaycanın milli birlik və həmrəyliyinin nümayişidir”.
Tədbirlə bağlı Vətən Müharibəsi Əlillərinə Kömək İctimai Birliyinin icraçı direktoru Zamin Zeynal da jurnalistlərə açıqlamasında bildirib ki, bu cür milli, vətənpərvər ruhlu tədbirləri keçirməkdə məqsəd qüdrətli dövlət başçısı, Ali Baş Komandan İlham Əliyevin şəhidlərə və onların ailələrinə diqqət və qayğı yönümündə gördüyü uğurlu fəaliyyətə ictimai dəstək olmaqdır. Z.Zeynal onu da vurğulayıb ki, Vətən Müharibəsi Əlillərinə Kömək İctimai Birliyi tərəfindən dövlət, QHT, özəl sektor tərəfdaşlığı və əməkdaşlığı fonunda milli və vətənpərvər istiqamətlə bu cür tədbirlər davamlı olaraq təşkil ediləcək: “İctimai-siyasi və mənəvi dəstəkyönümlü ideya və təşəbbüslər, tədbir və layihələrin təşkili gələcəkdə də davam etdiriləcək”.
Tədbirin sonunda şəhid olmuş 18 həkimin ailə üzvlərinə təşkilatçı qurumlar tərəfindən müxtəlif hədiyyələr təşkil edilib.