Vətən müharibəsinin qəhrəmanı olan şəhid zabitin xatirəsi yad edilib
Bakı, 21 oktyabr, AZƏRTAC
“Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin təşkilatçılığı və “Media Türk” TV-nin dəstəyi ilə Azərbaycan İqtisad Universitetində “Vətən Müharibəsi Qəhrəmanı” Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun Xüsusi Təyinatlı Bölməsinin Komandiri, şəhid polkovnik-leytenant Anar Əliyevin xatirəsinə həsr olunmuş “Ölməz Qəhrəmanlar” adlı tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbir “Media Türk” TV-nin qəhrəman haqqında hazırladığı videoçarxın yayınlanması ilə başlayıb.
Tədbirin moderatoru “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri Sevinc Alızadə çıxış edərək Vətən uğrunda şəhid olan qəhrəmanlarımızın daim təbliğ edilməsinin, hər bir şəhidin qəhrəmanlıq salnaməsinin öyrənilməsinin vacibliyini bildirib.
Milli Məclisin deputatı Fatma Yıldırım, Azərbaycan İqtisad Universitetinin prorektoru, dosent Şaiq Əsgərov və başqaları, torpaqlarımızın azadlığı uğrunda qəhrəmancasına şəhid olan igidlərin xatirəsinin daim xalqımızın qəlbində əbədi yaşayacağını, onların həyatının gənc nəslə örnək olacağını qeyd ediblər.
Tədbirdə şəhid komandir polkovnik-leytenant Anar Əliyevin ailə üzvləri çıxış edərək Vətən müharibəsində igidlik nümunəsi göstərən zabitlə qürur duyduqlarını söyləyib və təşkilatçılara minnətdarlıqlarını ifadə ediblər.
Qeyd edək ki, şəhid zabit Vətən müharibəsində Zəngilanın, Cəbrayılın, Füzulinin və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə vuruşub. Oktyabrın 21-də Şuşanın başlanğıcında, Xocavəndin Tuğ kəndində gedən döyüşlərdə hərbi həkim, leytenant Adil Əfəndiyev ilə birlikdə şəhid olub. Anar Əliyevin də rəhbərliyi altında baş verən həmin döyüş Şuşaya girişi asanlaşdırıb.
Anar Əliyev oktyabrın 25-də izdihamla, Müdafiə Nazirliyinin təşkil etdiyi yaylım atəşləri və Azərbaycan Himninin sədaları altında II Şəhidlər xiyabanında torpağa tapşırılıb.
Şəhid polkovnik-leytenant Prezident İlham Əliyevin Sərəncamı ilə “Vətən Müharibəsi Qəhrəmanı” adına layiq görülüb. O cümlədən “Vətən uğrunda”, “Şuşanın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunub.