“Vətən sağ olsun-3” layihəsinin qalibləri müəyyənləşib
Bakı, 28 dekabr, AZƏRTAC
Gənclər və İdman Nazirliyinin dəstəyi, Daxili İşlər Nazirliyinin iştirakı ilə “MZ“ MMC tərəfindən hazırlanan “Vətən sağ olsun-3” adlı televiziya layihəsi keçirilib.
Gənclər və İdman Nazirliyindən AZƏRTAC-a verilən məlumata görə, “Xüsusi tapşırıq” başlığı altında həyata keçirilən telelayihənin əsas məqsədi gənc nəslə Vətənə sevgi və sədaqət hissini aşılamaq, onlarda hərbçi peşəsinə marağı artırmaq və hərbi-fiziki hazırlığının inkişafını təmin etmək olub.
“Vətən sağ olsun-3” televiziya layihəsi Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun ardıcıl qələbələr əldə etdiyi dövrə təsadüf etdiyindən peşəkar hərbçilər tərəfindən verilən tapşırıqlar gənclər tərəfindən böyük ruh yüksəkliyi ilə yerinə yetirilib. On həftə ərzində iştirakçılar hərbi peşəyə yiyələnmək üçün atəş hazırlığı, taktiki hazırlıq, alpinist qülləsinə dırmanma, düşmən postunun ələ keçirilməsi və s. tapşırıqları yerinə yetiriblər.
Telelayihədə iştirak etmək məqsədilə respublikanın rayon və şəhərlərindən 4 mindən artıq gənc qeydiyyatdan keçib, onlardan 10 nəfəri mübarizəyə qatılıb. Yekunda ilk üçlükdə Nurlan Hüseynov (Bakı), Ceyla Nağızadə (İmişli rayonu) və Pərviz Məmmədov (Gədəbəy rayonu) ilk üç pillədə qərarlaşıblar.
Layihə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2017-ci il 15 sentyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının 5.1.10-cu (Gənclərin vətənpərvərlik və vətəndaşlıq tərbiyəsinin aktual məsələləri üzrə müşavirələrin, konfransların, dəyirmi masaların, mədəni-kütləvi və digər tədbirlərin, telelayihələrin həyata keçirilməsi, vətənpərvərlik mövzusunda əyani vəsaitlərin hazırlanması) yarımbəndinə əsasən həyata keçirilib.