“Vətəni tanı” ümumrespublika kampaniyasının növbəti seçim turu Quba rayonunda keçirilmişdir
Bakı, 16 may (AZƏRTAC). Gənclər Təşkilatları Milli Şurasının (GTMŞ) təşkilatçılığı ilə keçirilən “Vətəni tanı” ümumrespublika kampaniyasının növbəti seçim turu Quba rayonunda olmuşdur.
Gənclər və İdman, Təhsil, Rabitə və İnformasiya Texnologiyaları nazirlikləri, Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən dəstəklənən layihə respublikanın bütün regionlarında 12 min gənci əhatə edir.
GTMŞ-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, Quba rayon Olimpiya Kompleksində keçirilən turun açılışında çıxış edən Quba Rayon İcra Hakimiyyətinin başçısının müavini Nəsrulla Vəliyev bildirmişdir ki, bu gün gənclərimizin hərtərəfli inkişafı üçün dövlət tərəfindən bütün şərait yaradılır. Bu cür tədbirlər gənclərimizdə milli dəyərlərimizin aşılanması, tariximiz, dünənimiz və bu günümüzün öyrənilməsində müstəsna rol oynayır.
Milli Şuranın sədri, Milli Məclisin deputatı Fuad Muradov bildirmişdir ki, Prezident İlham Əliyevin hər zaman gənclərə xüsusi diqqət və qayğı ilə yanaşması göz qabağındadır. Gənclərlə bağlı hazırlanan yeni proqramda gənclərin hər birini narahat edən məsələlər öz əksini tapacaqdır. Milli Şura da daim gəncləri dəstəkləyən layihələri həyata keçirəcəkdir.
Bildirilmişdir ki, ölkə gənclərinin istər Azərbaycanda, istərsə də ölkədən xaricdə fəaliyyəti üçün bütün imkanlardan istifadə olunur.
Milli Məclisin deputatı Vahid Əhmədov bu layihənin təhsilə böyük töhfə verdiyini, bu cür tədbirlərin davam etdirilməsinin vacibliyini vurğulamış, Quba gənclərini bu maraqlı layihədə fəal iştirak etməyə çağırmışdır.
Milli Şuranın Baş Katibi və kampaniyanın rəhbəri Orxan Ərəbov gənclərə yarış haqqında, seçim turunun gedişatı haqqında ətraflı məlumat vermişdir. Bildirilmişdir ki, burada əsas məqsədlərdən biri də ölkəmizin ərazi bütövlüyünün qorunması, gənclərimizin coğrafi biliklərinin artırılmasıdır.
Quba turu çərçivəsində işçi qrupu Xınalıq kəndinə getmiş, bu kənddə yaşayan gəncləri də kampaniyaya qoşmuşdur.
######
![]() |
![]() |

