VI BEYNƏLXALQ AUDİO-VİZUAL FESTİVAL BAŞA ÇATMIŞDIR
Gənc kinematoqrafçıların işlərini Azərbaycanın xalq artisti Şəfiqə Məmmədovanın sədrliyi ilə beynəlxalq münsiflər heyəti qiymətləndirmişdir. Müsabiqə müxtəlif nominasiyalarda, o cümlədən “Ən yaxşı həvəskar filmi”, “Ən yaxşı tələbə işi”, “Ən uğurlu debüt”, “Ən yaxşı sənədli film”, “Ən yaxşı bədii film”, “Ən yaxşı cizgi filmi”, “Ən yaxşı klip”, “Ən yaxşı kompyuter dizaynı”, “Ən yaxşı rejissor”, “Ən yaxşı operator”, “Ən yaxşı ssenariçi”, “Ən yaxşı prodüser” nominasiyalarında keçirilmişdir. Festivalda xüsusi “Jurnalist rəğbəti” mükafatı və festivalın ən istedadlı iştirakçısına film çəkilişində sponsor yardımı göstərməyi vəd etmiş “Yeni dalğa” prodüser mərkəzinin mükafatı təqdim olunmuşdur.
Mərasimin əvvəlində 12 həvəskar filminin müəlliflərinin adları elan olunmuş, sonra isə “Ən uğurlu debüt” nominasiyasında Nərgiz Mamadkulova (Qırğızıstan) və Nigar Əliyeva (Azərbaycan) fəxri fərmanlara layiq görülmüşlər. “Ən yaxşı bədii film” nominasiyasının qalibi Məcid Fədhi (İran), “Ən yaxşı operator” Vladimir İvanov (Ukrayna), “Ən yaxşı prodüser” Tamara Salomanidze (Gürcüstan) elan olunmuşlar. Festivalın baş mükafatına Nəsimi Əliyev (Azərbaycan) layiq görülmüşdür. Qalibə mükafatı Azərbaycan Peşəkar Kinorejissorlar Gildiyasının prezidenti xalq artisti Eldar Quliyev təqdim etmişdir. O, qalibləri ürəkdən təbrik etmiş, onlara yaradıcılıq uğurları arzulamışdır. Ümidvar olduğunu bildirmişdir ki, bir ildən sonra keçiriləcək növbəti festivalda gənc istedadlı kinematoqrafçılar hamını öz yeni və maraqlı işləri ilə sevindirəcəklər.