İDMAN
VOLEYBOL ÜZRƏ OLİMPİYA LİSENZİYA TURNİRİ DAVAM EDİR
PREZİDENT İLHAM ƏLİYEV AZƏRBAYCAN VƏ ALMANİYA KOMANDALARININ GÖRÜŞÜNƏ BAXMIŞDIR
Respublikamızın Prezidenti İlham Əliyev xanımı Mehriban Əliyeva ilə brilikdə Azərbaycan və Almaniya komandalarının görüşünün gedişini izləmişdir.
Oyun başlanmazdan əvvəl hər iki ölkənin dövlət himnləri səsləndi.
Almaniya komandası ilə görüş də voleybolçularımız üçün uğursuz nəticələndi. Məlum olduğu kimi, Faiq Qarayevin yetirmələri Rusiya komandası ilə əvvəlki görüşdə uduzmuşdular. İndiki oyunda həmyerlilərimiz hesabdakı böyük fərqi aradan qaldırmaq üçün çox səy göstərsələr də, buna müvəffəq olmadılar. Almaniya idmançıları bütün oyun ərzində təşəbbüsü əldə saxlayaraq, meydança sahiblərinə qalib gəldilər – 3:0.
X X X
Həmin gün İtaliya və Bolqarıstan komandaları arasında görüş keçirildi. Xatırladaq ki, bir gün əvvəl bolqarlar hollandiyalıları 3:0 hesabı ilə məğlubiyyətə uğratmışdılar.
Oyuna inamla başlayan bolqarlar ilk texniki fasilədən sonra rəqiblərin güclü hücumları ilə qarşılaşdılar. Buna baxmayaraq, birinci hissə bolqarların xeyrinə qurtardı – 25:21. İkinci hissədə italyanlar eyni hesabla qalib gəldilər. Lakin sonrakı hissələrdə daha yaxşı oynayan italyanlar turnirdə ilk qələbəyə nail oldular – 3:1.
Növbəti görüşdə meydançaya Rusiya və Polşa voleybolçuları çıxdılar. Görüşün elə ilk dəqiqələrindən gərgin mübarizə getdi. Avropa çempionları olan Polşa voleybolçuları rəqiblərin həmlələrinin qarşısını çətinliklə alsalar da, ilk iki hissədə qələbə qazandılar. Üçüncü hissə Rusiya komandasının xeyrinə nəticələndi. Lakin bu, Avropa çempionlarını ruhdan salmadı və onlar 3:1 hesabı ilə qalib gəldilər.
Yanvarın 7-də italyanlar hollandiyalılarla, polyaklar almanlarla, türklər bolqarlarla görüşəcəklər.