Vyanada keçirilən beynəlxalq konfransda Azərbaycanda gender bərabərliyinin təmini istiqamətində görülmüş işlərdən danışılmışdır
Vyana, 12 iyul (AZƏRTAC). İyulun 10-11-də Avstriyanın Vyana şəhərində “ATƏT-in gender bərabərliyinə nəzər” mövzusunda beynəlxalq konfrans keçirilmişdir.
Əllidən çox ölkənin nümayəndələrinin iştirak etdikləri konfrans gender aspektinin idarə edilməsi, qadınların ictimai-siyasi həyatda iştirakı, iqtisadi hüquqların və imkanların genişləndirilməsində gender aspekti, qadınlara qarşı zorakılıqla mübarizə, gender bərabərliyinin təmin edilməsində institusional mexanizmlər mövzuları üzrə sessiyalar keçirilmişdir.
Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova konfransın açılışında və 3-cü sessiyasında çıxış etmişdir. H.Hüseynova Azərbaycanda qadın hüquqlarının müdafiəsi, gender bərabərliyinin təmini, məişət zorakılığına qarşı mübarizə, qadın sahibkarlığının inkişafı ilə bağlı görülən işlərdən danışmışdır. Komitə sədri Azərbaycanda qadın hüquqlarının müdafiəsi sahəsində qazanılmış müsbət təcrübə və nailiyyətlər barədə ətraflı məlumat vermişdir.
Konfrans çərçivəsində H.Hüseynova ABŞ, Rusiya, Belarus və digər dövlətlərin nümayəndələri ilə ikitərəfli görüşlər keçirmişdir. Görüşlərdə qadın hüquqlarının müdafiəsi sahəsində əməkdaşlıq memorandumlarının imzalanması, əlaqələrin genişləndirilməsi və digər məsələlərlə bağlı müzakirələr aparılmışdır.
Elgün Niftəliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Vyana