Vyanada Mərkəzi Avropa Universitetinin yeni təsisatının açılması ideyası etiraz doğurub
Vyana, 14 mart, AZƏRTAC
Amerikalı milyarder Corc Sorosun sahibi olduğu Mərkəzi Avropa Universitetinin Vyana şəhərində yeni təsisatının açılması planlaşdırılır. Bu barədə Avstriyanın gündəlik “Kurier” qəzeti məlumat yayıb.
AZƏRTAC qəzetə istinadla xəbər verir ki, Macarıstanın paytaxtı Budapeşt şəhərindəki mərkəzi bina və ABŞ-ın Nyu-York ştatında Bard Kollecindəki tələbə şəhərciyindən sonra Vyanadakı yeni filial bu özəl universitetin üçüncü dayaq nöqtəsi olacaqdır. Qəzetin əldə etdiyi məlumata görə, şəhərin Penzinq rayonunda yerləşən və köçürülməsi nəzərdə tutulan Otto-Vaqner hospitalının pavilyonlarından bir neçəsi 99 il müddətinə universitet tərəfindən icarəyə götürülə bilər. Hazırda Vyana şəhər rəhbərliyi və universitetin rektorluğu arasında bu istiqamətdə danışıqlar gedir. Razılaşma əldə olunacağı təqdirdə, 2019-cu ilin qış semestrindən etibarən 500-dək tələbə Vyanada təhsil ala biləcək, sonrakı semestrlərdə bu rəqəm 1500-dək artırılacaq.
Avstriyanın siyasi dairələrində Macarıstanın yeni təhsil qanunvericiliyi ilə problemi olan universitetin Vyanada yeni təsisat açması planına birmənalı münasibət göstərilməyib. Avstriya Sosial-Demokratlar Partiyası, Yaşıllar və NEOS (yeni liberallar) bu planı alqışlasalar da, bəzi siyasətçilər bu universitet və onun arxasındakı fondu tənqidlə qarşılayıblar. Avstriya Azadlıq Partiyasının Vyana şəhəri üzrə təhsil müşaviri Maksimilan Krauss mübahisəli şəxsiyyət olan Corc Sorosun bahalı özəl universitetinin Vyanada açılması ideyasının bəzi siyasi partiyalar tərəfindən müsbət qarşılanmadığını bildirib. O qeyd edib ki, bir tərəfdən təhsil sahəsində “təhsilə sərbəst giriş” və “şanslar bərabərliyi” prinsiplərini tərənnüm edənlər ölkədəki elitar gimnaziyaların sıxışdırılaraq, onların ümumi orta məktəblərlə əvəzlənməsini tələb edir, digər tərəfdən isə bahalı özəl universitetin Vyananın mərkəzində fəaliyyət göstərməsinə tərəfdar çıxırlar.
M. Kraussun Avstriyanın APA agentliyi vasitəsilə yayılan açıqlamasında, həmçinin qeyd edilir ki, Corc Soros yüksək dərəcədə mübahisəli şəxsiyyətdir və onun bu universitet formasında Avstriyada yatırdığı investisiyaya əl çalanlar əslində hər məqamda Soros kimi möhtəkirlərə qarşı ciddi tədbirlərin görülməsini tələb edirlər. Siyasətçi bildirib ki, onun təmsil etdiyi partiya hələ ötən il Mərkəzi Avropa Universitetinin Vyanaya köçürülməsi ideyasına qarşı çıxmışdı. Çünki Soros Fondunun əsas məqsədi elmi cəhətdən obyektiv fəaliyyəti təşkil etmək deyil, Avropada müxtəlif siyasi qüvvə və hərəkatlara qarşı siyasi ab-hava yaratmaqdır. M. Krauss Vyana şəhər hökumətindən özəl və bahalı universitetləri Vyanaya cəlb etmək əvəzinə, ilk növbədə Vyanada təhsilin səviyyəsinin yüksəldilməsi üçün səylərini gücləndirməyə çağırıb.
Elgün Niftəli
AZƏRTAC-ın xüsusi müxbiri
Vyana