Xaçmazda regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramlarının icrasının yekunları müzakirə olunmuşdur
Xaçmaz, 8 noyabr (AZƏRTAC). Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İqtisadiyyat İnstitutunun və Xaçmaz Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə keçirilmiş konfransda regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramlarının icrasının yekunları müzakirə olunmuşdur.
AZƏRTAC xəbər verir ki, “Azərbaycan regionlarının sosial-iqtisadi inkişafı: problemlər, inkişaf meyilləri” adlanan konfransda AMEA-nın İqtisadiyyat İnstitutunun direktoru, professor İsa Alıyev “İlham Əliyev sosial-iqtisadi nailiyyətlərimizin müəllifidir” mövzusunda geniş məruzə ilə çıxış etmişdir. Həmçinin “Regional inkişafın investisiya təminatı məsələləri”, “Bazar iqtisadiyyatı şəraitində Quba-Xaçmaz iqtisadi rayonunun regional inkişafının proqnozlaşdırılması”, “Regional siyasətin sosial-iqtisadi uğurları” və “Regionların sosial-iqtisadi inkişafında aqrar sektorun rolu” mövzularında məruzələr dinlənilmişdir.
Tədbirdə vurğulanmışdır ki, bu gün inamla həyata keçirilən Heydər Əliyev strategiyasının nəticəsi olaraq Azərbaycan öz dövlət müstəqilliyini möhkəmləndirmiş, ölkədə davamlı sosial-iqtisadi inkişaf təmin edilmiş, bu misilsiz uğurlar sayəsində ölkəmiz beynəlxalq aləmdə nüfuzlu söz sahibinə çevrilmişdir. Prezident İlham Əliyevin təşəbbüsü və rəhbərliyi ilə reallaşan iri yerli və regional layihələr Azərbaycanın aparıcı dövlətlər sırasında yer almasına zəmin yaratmışdır.
Konfransda daha sonra təklif və tövsiyələr səslənmiş, mövcud problemlərin aradan qaldırılması yolları müzakirə edilmişdir.