Xaçmazın Qusarçay kəndində abidə-bulaq kompleksi istifadəyə verilib
Xaçmaz, 7 noyabr, Elxan Yusifli, AZƏRTAC
Xaçmaz rayonunun Qusarçay kəndində torpaqlarımızın azadlığı uğrunda şəhidlik zirvəsinə ucalan şəhidlərin xatirəsini əbədiləşdirmək məqsədilə abidə-bulaq kompleksi istifadəyə verilib. Kompleksin açılış mərasimində Xaçmaz Rayon İcra Hakimiyyətinin nümayəndələri, şəhid ailələri, Vətən müharibəsi iştirakçıları və kənd sakinləri iştirak ediblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, anım mərasimində çıxış edənlər Vətən müharibəsində qazanılan şanlı Zəfərdən, hərbçilərimizin döyüşlərdə göstərdiyi qəhrəmanlıqdan bəhs ediblər.
Qusarçay kənd sakini, sahibkar Xanlar Eldarovun təşəbbüsü ilə tikilən bulaq kompleksində doqquz şəhidimizin xatirəsi əbədiləşdirilib. Onlardan üç nəfəri 44 günlük Vətən müharibəsində, altı nəfəri isə Birinci Qarabağ savaşında şəhidlik zirvəsinə ucalıb.
Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev bildirib ki, ölkəmizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuş hərbçilərimizin xatirəsi daim yaddaşlarda qalacaq. Məhz onların göstərdiyi şücaət nəticəsində uzun illərdir işğal edilən torpaqlarımız azad olunub.
Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə gedən döyüşlərdə Ordumuz bir daha dünyaya qüdrətini sübut edib, şəhidlərimizin qanı yerdə qalmayıb. Şəhid ailələri və qazilərimiz dövlətimiz tərəfindən daim diqqət mərkəzində saxlanılır.
Şəhid ailələri və Qarabağ qaziləri onlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.