MƏDƏNİYYƏT
XALQ BÜLBÜLÜNÜN YUBİLEYİ KEÇİRİLDİ
Azərbaycan professional vokal məktəbinin banisi, SSRİ xalq artisti, Dövlət mükafatı laureatı, professor, görkəmli ictimai xadim Bülbülün geniş diapozonlu, lirik-dramatik tenoru, tükənməz nəfəsli, çox nadir gözəlliyə malik səsi dinləyicilərin qəlbini həmişə fəth etmiş, xalqın öz nəğməkarına verdiyi “Bülbül” adı insanlar arasında ona bəslənilən məhəbbət və hörmətin parlaq ifadəsinə çevrilmişdir.
Bu barədə iyunun 20-də Musiqi Mədəniyyəti Dövlət Muzeyinin Bülbülün Xatirə Muzeyi ilə birgə keçirdiyi və görkəmli sənətkarın 105 illik yubileyinə həsr olunmuş tədbirdə danışıldı.
Muzeyin foyesində Bülbülün yaradıcılığını, onun məhsuldar və yorulmaz fəaliyyətini, pedaqoji və elmi-tədqiqat işini əks etdirən sərgi açılmışdı.
Muzeyin şöbə müdiri Hicran Sadıqzadə, baş elmi işçisi Rəhilə Bünyadova, Bəstəkarlar İttifaqının birinci katibi, xalq artisti, professor Vasif Adıgözəlov, xalq artisti Sara Qədimova, xalq artisti, professor Ramiz Mustafayev, xalq artisti, professor Azər Rzayev, xalq artisti Əminə Dilbazi və başqaları tədbirdə çıxış etdilər. Onlar məlahətli, axıcı səsi olan Bülbülün aktyorluq məharətindən, yaratdığı obrazların xarakterini, daxili aləmini tamaşaçılara realist boyalarla çatdırmasından, xalq mahnılarını, təsnifləri böyük ustalıqla ifa etməsindən, Azərbaycan bəstəkarlarının kamera-vokal əsərlərini populyarlaşmasındakı xüsusi rolundan, yaradıcılığında milli vokal üslubu ilə İtaliya vokal məktəbi ənənələrinin üzvi şəkildə birləşməsindən söhbət açdılar. Qeyd olundu ki, Bülbülün məlahətli səsi xalqın qəlbində heç zaman susmayacaq, onun mahnıları qulaqlarda uzun illər səslənəcəkdir.
Tədbirdə Vokalçıların Bülbül adına Beynəlxalq müsabiqəsinin laureatı, xalq artisti Qənirə Kərimovanın, xalq artisti Canəli Əkbərovun, xalq artisti, professor Xuraman Qasımovanın, əməkdar artist Adil Məlikovun və başqa incəsənət ustalarının ifasında Bülbülün zəngin boyalarla təkrarolunmaz musiqi obrazları yaratdığı xalq mahnılarından, təsniflərdən, romanslardan və operalardan parçalar oxundu, ölməz sənətkarın lent yazıları səsləndirildi.
Axırda unudulmaz müğənninin həyat yoldaşı, Xatirə Muzeyinin direktoru Adilə Məmmədova çıxış edərək Bülbülün xatirəsinə göstərilən diqqətə görə minnətdarlığını bildirdi.