Xalq rəssamı Tahir Salahovun 90 illik yubileyinə həsr olunmuş sərgi açılacaq
Bakı, 13 dekabr, AZƏRTAC
Dekabrın 14-də Bakı Expo Mərkəzində Xalq rəssamı Tahir Salahovun 90 illik yubileyinə həsr olunmuş sərgi açılacaq.
Mədəniyyət Nazirliyindən AZƏRTAC-a bildirilib ki, qurumun təşkilatçılığı ilə reallaşacaq sərgi dekabrın 24-dək davam edəcək.
Qeyd edək ki, milli incəsənətimizin zənginləşdirilməsi və təbliği işinə əhəmiyyətli töhfələr vermiş şəxsiyyətlərdən biri olan dünya şöhrətli rəssam Tahir Salahov 1928-ci il noyabrın 29-da anadan olub. O, 1945-ci ildə Bakı şəhərində orta məktəbi, 1950-ci ildə Əzim Əzimzadə adına Bakı Rəssamlıq Məktəbini bitirib. Ali təhsilini əvvəlcə V.İ.Muxina adına Leninqrad Ali Rəssamlıq Sənaye Məktəbində alıb. 1951-ci ildə V.İ.Surikov adına Moskva Dövlət Rəssamlıq İnstitutuna daxil olaraq 1957-ci ildə oranı rəssam-nəqqaş ixtisası üzrə bitirib.
1955-ci ildən etibarən çoxsaylı beynəlxalq, ümumittifaq və respublika əhəmiyyətli sərgilərdə öz əsərlərini nümayiş etdirmiş Tahir Salahov dünyanın bir çox nüfuzlu muzey və qalereyalarında fərdi sərgilərini keçirib.
Azərbaycan Prezidentinin müvafiq sərəncamları ilə rəssamın 80 illik yubileyi dövlət səviyyəsində qeyd olunub, İçərişəhərdə ev-muzeyi fəaliyyətə başlayıb.
Görkəmli fırça ustasının yaradıcılığı Azərbaycan dövləti və xalqı, eləcə də dünyanın nüfuzlu beynəlxalq sənət ocaqları tərəfindən daim yüksək qiymətləndirilir.