XALQ SƏNƏTKARLIĞI ŞƏHƏRCİYİ QƏDİM ADƏT-ƏNƏNƏNİ YAŞADIR
Avqustun 11-də Lənkəranda Xalq Sənətkarlığı Şəhərciyinin açılışı olmuşdur.
Azərbaycan Prezidenti İlham Əliyevi və xanımı Mehriban Əliyevanı burada milli geyimli oğlan və qız gül-çiçəklə qarşıladılar.
Dövlətimizin başçısı əvvəlcə şəhərciyin layihəsi ilə tanış oldu. Məlumat verildi ki, yerli mətbəxi və xalq sənətkarlığını bir yerdə birləşdirən şəhərciyin yaradılmasından məqsəd milli adət-ənənəni təbliğ etməkdir. Lənkərana gələn xarici qonaqlar burada Azərbaycanın, o cümlədən bu bölgənin xalq sənəti, milli mətbəxi ilə yaxından tanış olacaqlar. Burada dulusçuluq, misgərlik, xalçaçılıq nümunələri və s. hazırlanır, plov, təndir çörəyi, cücə ləvəngisi bişirilir. Qədim musiqi, rəqslər də unudulmamışdır. Şəhərcikdə qonaqlar milli üslubda düzəldilmiş taxtlarda oturaraq Lənkəran çayı da içəcəklər.
Prezident İlham Əliyev şəhərciyi gəzdi, milli musiqiyə qulaq asdı, təndir çörəyindən və plovdan daddı, xalq sənəti nümunələrinin hazırlanması prosesinə, qədim rəqslərə maraqla tamaşa etdi. Prezident və xanımı ənənəvi çay süfrəsinə dəvət olundular.