SİYASƏT
Xalqların dostluq rəmzi olan qədim və müasir körpülər
Astana, 13 avqust, AZƏRTAC
Astanada gəzinti zamanı körpüyə - özünün əzəmətli görünüşü ilə üzərindən keçənlərin və qonaqların diqqətini cəlb edən İşim çayı üzərindəki nəhəng ağ tikiliyə yaxınlaşıram. Mənim yaxınlaşmam bir gəminin körpünün altında hərəkəti ilə üst-üstə düşür. Mənə doğru üzən bir gəmi görürəm. Çatışmayan yeganə detal isə adətən bədii filmlərdə eşitdiyimiz səsi çıxaran bərə fitidir.
Körpüyə yaxınlaşdıqca, onun əzəmətini və miqyasını dərk etməyə başlayırsan. Dünyanın bir çox məşhur şəhərləri qeyri-adi körpüləri ilə məşhurdur: Londondakı “Tower Bridge”, Sankt-Peterburqun, İstanbulun və Nyu-Yorkun asma körpüləri.
Həmin körpülər yerləşdiyi şəhərlərin dünya miqyasında simvoluna çevrilib. Biz onları rəsmlərdə, filmlərdə və səyahət bloqlarında görürük. Eyni zamanda, körpülərin dizaynları inkişafın, dövlətin həyatında yeni mərhələnin təzahürüdür.
Bu nəhəng tikilinin yaxınlığında dayanıram və bir zamanlar mənim də diqqətimi çəkən Azərbaycandakı körpüləri xatırlayıram. Bunlar XIX əsrdə almanlar tərəfindən Gədəbəy rayonunda tikilmiş qeyri-adi gözəl tağları olan körpülərdir ki, Astana körpülərinin məni heyran etdiyi kimi, onlar da qonaqları heyran edir.
Qayıdaq Astanaya...Memarlar körpülərin layihələndirilməsi zamanı yəqin ki, gələcəkdə onların şəhərin rəmzinə çevriləcəyini də nəzərə alıblar. Ona görə də bu tikililəri möhtəşəm və gözəl şəkildə dizayn ediblər. Quruluşun təsiredici ölçüsü isə dövlətin sürətli inkişafının rəmzidir.
Ərazisi Fransa kimi beş ölkəyə bərabər olan Qazaxıstan mənim kimi qonaqların baxmaq belə istəmədiyi kiçik, nəzərə çarpmayan körpü tikə bilməzdi.
Məhz burada, adını əzəmətli binaları olan şəhərlər siyahısına daxil edən Qazaxıstan paytaxtında bu yaxınlarda Mərkəzi Asiya və Azərbaycan Respublikasının Dövlət Başçılarının görüşü oldu.
Mən haradan başladım və fikirlərimi hara aparıram? Region yeni transformasiya prosesindən keçir, nəhəng resursları və onları birləşdirən ümumi tarixi dəyərləri ilə yeni aktorlar meydana çıxır.
İclasda Azərbaycan Prezidenti İlham Əliyev ölkələrimiz arasında müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlığın gücləndirilməsi təklifi ilə çıxış edib. Bu bəyanat yeni mərhələ, yeni gündəm və yeni hədəflərə yol açacaq.
Bir-iki gün sonra, bu bəyanatı yenidən oxumaq lazım olanda, “Google” axtarış sisteminə müraciət etdim və gördüm ki, bir çox xəbər resursları, o cümlədən erməni mediası öz materiallarını belə adlandırıb: “İlham Əliyev Azərbaycanla Mərkəzi Asiya ölkələri arasında müdafiə sahəsində əməkdaşlığı gücləndirmək istəyir”. Qoy, dostlarımız sevinsin, bədxahlarımız isə ehtiyatlı olsun. Bütün bunlara gələcək nəsillərin uzun müddət xatırlayacağı bir hadisə - Azərbaycanın 44 günlük müharibədə Qələbəsi təsir etdi və bu, qüdrətimizi artırmaqla yanaşı, həm də ölkəmizə digər yaxın dövlətlərlə əməkdaşlığı daha da gücləndirməyə imkan verdi.
Azərbaycan artıq 2019-cu ildəki, hətta 2023-cü ildəki ölkə deyil, özünə güvənən qüdrətli dövlətdir, həmçinin yeni reallıqda mənəvi, tarixi və mədəni baxımdan ona yaxın olan məmləkətlərlə əlaqələri gücləndirmək qərarına gəlib. Azərbaycan tarixi kökləri ilə ona qohum olan ölkələrin xeyrinə seçim edilib. Burada məqsədlər aydındır, qalanı isə zaman və birgə səylərlə bağlı məsələdir.
Məqaləmə Qazaxıstanın inkişafını və qüdrətini ifadə edən əzəmətli körpülərin təsviri ilə başladım. Onlar təkcə bu ölkənin deyil, bütün regionun tarixində yeni mərhələnin simvoludur. Körpülər təkcə çay sahillərini deyil, həm də xalqları, mədəniyyətləri və müxtəlif dövrləri birləşdirir. Qarabağın qədim körpülərindən tutmuş Astanadakı müasir tikililərə qədər - onların hamısı davamlı inkişafdan, tərəqqi arzusundan xəbər verir.
Bu gün Mərkəzi Asiya ölkələri ilə Azərbaycanı birləşdirən dostluq körpüləri əməkdaşlığın yeni mərhələsinin, təhlükəsizlik və firavanlıq naminə ümumi istəyin simvoluna çevrilir.
Elşən Rüstəmov
AZƏRTAC-ın xüsusi müxbiri
Astana