CƏMİYYƏT
Xankəndidə tikişçilik kurslarını bitirən 163 nəfərə peşə sertifikatları verilib
Bakı, 4 noyabr, AZƏRTAC
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin Xankəndi şəhərində “Accelerated Career Academy” ilə birgə təşkil etdiyi tikişçilik sahəsi üzrə peşə hazırlığı kurslarından bir hissəsi başa çatıb.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, kurslara işğaldan azad olunan ərazilərə köçürüləcək, hazırda ətraf ərazilərdə məskunlaşmış keçmiş məcburi köçkünlərdən 300-ə yaxın müdavim cəlb edilib.
Kursları başa vuran 163 nəfərə peşə sertifikatları təqdim olunub, digər müdavimlər üçün kurslar davam edir.
Kursları bitirənlər Xankəndi şəhərində istifadəyə veriləcək tikiş fabrikində işlə təmin ediləcəklər.