XAOSDAN SABİTLİYƏ DOĞRU
AZƏRTAC xəbər verir ki, iyunun 12-də Azərbaycanda Atatürk Mərkəzində Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyi 15 iyun - Milli Qurtuluş günü münasibətilə “Qurtuluş-15: Xaosdan sabitliyə doğru” mövzusunda konfrans keçirmişdir. Milli Məclisin aqrar siyasət daimi komissiyasının sədri Eldar İbrahimovun mövzu ilə bağlı məruzəsində 1993-cü ilin iyununda respublikamızda baş verən ictimai-siyasi proseslərə bir daha geniş nəzər salınmışdır. Bildirilmişdir ki, dahi öndərimiz Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışı ilə ölkəmizin ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni həyatında əsaslı dönüş yaranmış, Azərbaycanda beynəlxalq normalara uyğun, demokratik və hüquqi dövlət quruculuğuna başlanmışdır. Azərbaycanın müstəqilliyi əbədi və dönməz olmuş, ölkəmiz dünyada öz layiqli yerini tutaraq, regionda lider dövlətə çevrilmişdir. Ümummilli liderimiz Heydər Əliyevin müdrikliyi və qətiyyəti sayəsində Azərbaycanın dövlət müstəqilliyini itirmək təhlükəsindən xilas olduğu xüsusi vurğulanmışdır.
Müstəqil dövlətimizin təşəkkül tapmasında ən böyük xidmətlərin ulu öndərimiz, dünya miqyaslı siyasi xadim Heydər Əliyevə məxsus olduğunu deyən E.İbrahimov bildirmişdir ki, ümummilli liderimiz siyasi fəaliyyətinin bütün dönəmlərində daim xalqının azadlığını və müstəqilliyini düşünmüş, var qüvvəsi ilə buna çalışmışdır.
Konfransda çıxış edən YAP Gənclər Birliyinin sədri Ramil Həsənov, Azərbaycanda Atatürk Mərkəzinin rəhbəri, Milli Məclisin mədəniyyət məsələləri daimi komissiyasının sədri, AMEA-nın müxbir üzvü Nizami Cəfərov, YAP Nəsimi rayon təşkilatının sədri, Milli Məclisin deputatı Məlahət Həsənova vurğulamışlar ki, bu tarixi gün suverenliyimizin, ərazi bütövlüyümüzün qorunmasında, vətəndaş müharibəsinin qarşısının alınmasında, varlığımızın yaşanmasında mühüm əhəmiyyət kəsb edərək yaddaşlara əbədi yazılmışdır. Həmin çətin anlarda dahi şəxsiyyət Heydər Əliyev xalqımıza, sözün həqiqi mənasında qurtuluş, nicat gətirmiş, onun respublika rəhbərliyinə yenidən qayıdışı ilə ölkəmizin ictimai-siyasi, mədəni həyatı inkişaf yoluna qədəm qoymuşdur.
Natiqlər görkəmli dövlət xadimi Heydər Əliyevin siyasi xəttinin layiqli davamçısı, Azərbaycan Prezidenti İlham Əliyevin xalqın rifahı naminə az vaxt ərzində gördüyü işlərdən də danışmışlar.
Konfransda xüsusi vurğulanmışdır ki, ümummilli lider Heydər Əliyev daim gənc nəslə diqqət və qayğı göstərmiş, onların hərtərəfli inkişafı üçün bütün imkanları səfərbər edərək yüzlərlə azərbaycanlı gənci xarici ölkələrə təhsil almağa göndərmişdir. Həmin ənənənin bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyi bildirilmişdir.
######
