XARİCİ İŞLƏR NAZİRLİYİNDƏ GÖRÜŞ
Xarici İşlər Nazirliyinin mətbuat mərkəzindən bildirmişlər ki, görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, Yaxın Şərqdə baş verən hadisələr, həmçinin İslam Konfransı Təşkilatının üzvü olan ölkələrin turizm nazirlərinin Bakıda keçirilən V Konfransının gedişi və digər məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.
Bu günlərdə BMT Baş Məclisinin 60-cı iclasında Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş ərazilərində davam edən yanğınlarla əlaqədar qəbul olunmuş qətnamənin vacib əhəmiyyət daşıdığını vurğulayan nazir E.Məmmədyarov demişdir ki, qətnamədə yanğınların qarşısının alınması və onun vurduğu zərərin beynəlxalq ictimaiyyətin birgə səyləri ilə aradan qaldırılması əksini tapmışdır.
İKT-in baş katibi E.İhsanoğlu Ermənistanın işğal etdiyi ərazilərin yandırılmasının, oradakı mədəniyyət və tarixi abidələrin dağıdılmasının nəticə etibarilə Azərbaycanda turizmin inkişafına xələl gətirdiyini vurğulamış və bu məsələnin hazırda İKT ölkələri turizm nazirlərinin V Konfransında geniş müzakirə olunduğunu diqqətə çatdırmışdır.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər də müzakirə edilmişdir.