XARİCİ İŞLƏR NAZİRLİYİNİN MƏTBUAT MƏRKƏZİ XƏBƏR VERİR
İyulun 29-də Azərbaycan Respublikasının xarici işlər naziri Vilayət Quliyev Çin Xalq Respublikasının Bakıdakı səfiri Çjan Siyunu qəbul etmişdir.
Görüş zamanı səfir Çjan Siyun erməni separatçı rejimi tərəfindən işğal edilmiş Azərbaycanın Dağlıq Qarabağ bölgəsində avqustun 11-də keçiriləcək “prezident” seçkiləri ilə bağlı Vilayət Quliyevin məktubuna ÇXR xarici işlər nazirinin cavabını çatdırmışdır. Cavabda Çin hökumətinin Azərbaycanın müstəqilliyinə, suverenliyinə və ərazi bütövlüyünə hörmətlə yanaşdığı, Birləşmiş Millətlər Təşkilatının müvafiq qətnamələrini dəstəklədiyi, dövlətlər arasında münaqişələrin sülh yolu ilə siyasi həllinə tərəfdar olduğu, həm Azərbaycanın, həm də Ermənistanın bu məsələnin tezliklə hər iki tərəf üçün məqbul sayılacaq ədalətli həllini tapacaqlarına ümid etdiyi və Dağlıq Qarabağ məsələsinin sülh yolu ilə nizamlanmasına Çin tərəfinin dünya ictimaiyyəti ilə birgə səy göstərəcəyi bildirilir. Səfir həmçinin Çin hökumətinin ölkələrimiz arasında dostluq və əməkdaşlıq münasibətlərinin inkişaf etdirilməsinə böyük əhəmiyyət verdiyini və gələcək əlaqələrin qarşılıqlı hörmət əsasında davam etdiriləcəyini bildirmişdir.
Vilayət Quliyev Çin hökumətinin dəyişməz mövqeyinə görə səfirə öz təşəkkürünü bildirmiş və ölkələrimiz arasında gələcək əməkdaşlığın inkişaf etdirilməsi üçün münbit şəraitin bundan sonra da mövcud olacağını vurğulamışdır.
XARİCİ İŞLƏR NAZİRLİYİNİN MƏTBUAT MƏRKƏZİ XƏBƏR VERİR
İyulun 23-də ABŞ-ın Azərbaycandakı səfirliyindən XİN-ə Aralıq dənizindəki mübahisəli Perexil/Leyla adası ilə əlaqədar İspaniya və Mərakeş arasında ABŞ-ın vasitəçiliyi ilə əldə olunmuş razılaşmaya dair sənəd təqdim edilmişdir.
Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Aralıq dənizində yerləşən Perexil/Leyla adası ətrafında Azərbaycana dost və yaxın dövlətlər - Mərakeş və İspaniya arasında yaranmış gərginliyin səngiməsini məmnunluqla qarşıladığını bəyan edir və ölkələr arasında yaranmış anlaşılmazlığın məsləhətləşmələr və danışıqlar yolu ilə həll edilməsinə alternativin olmadığını bildirir.
Xarici İşlər Nazirliyi İspaniya və Mərakeşin məsələnin həlli üçün danışıqlar masası arxasına oturmasını və ABŞ-ın vasitəçiliyi ilə həyata keçirilən bu təşəbbüsü yüksək qiymətləndirərək dəstəklədiyini bəyan edir.
Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ATƏT-in Minsk qrupunun həmsədrlərindən biri kimi ABŞ-ın vasitəçiliyi ilə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin də Azərbaycan Respublikasının sərhədlərinin toxunulmazlığı və suverenliyinin bərpası şərtilə tezliklə həll olunacağına inamını ifadə edir.