SİYASƏT
XARİCİ İŞLƏR NAZİRLİYİNİN MƏTBUAT MƏRKƏZİ XƏBƏR VERİR
Avqustun 26-27-də Bakı şəhərində Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında dövlət sərhədinin delimitasiyası üzrə iki ölkənin Dövlət Komissiyalarının 8-ci birgə iclası keçirilmişdir.
Azərbaycan Respublikası xarici işlər nazirinin müavini X.Xələfovun və Rusiya Federasiyasının Xarici İşlər Nazirliyinin baş müşaviri P.Burdıkinin rəhbərlik etdiyi Dövlət Komissiyalarının birgə iclasının işində iki ölkənin Dövlət Komissiyasının üzvləri, əlaqədar dövlət orqanlarının nümayəndələri və ekspertləri iştirak etmişlər.
İclasda dövlət sərhəd xəttinin müvafiq sahələrdən keçməsi məsələlərinə baxılmış, habelə dövlət sərhədinin delimitasiyası üzrə mövcud olan normativ sənədlər, yer quruluşuna və istifadəsinə aid kartoqrafik materiallar birgə araşdırılmış və geniş müzakirə edilmişdir.
İclas zamanı aparılmış danışıqlar nəticəsində Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında dövlət sərhədindəki dörd sahənin delimitasiyası üzrə razılıq əldə edilmiş və müvafiq Protokol imzalanmışdır.
Eyni zamanda, Dövlət Komissiyalarının növbəti birgə iclasının Dağıstanda keçirilməsi qərara alınmışdır.