SİYASƏT
XARİCİ İŞLƏR NAZİRLİYİNİN MƏTBUAT MƏRKƏZİ XƏBƏR VERİR
Sentyabrın 27-də Azərbaycan Respublikasının xarici işlər naziri Vilayət Quliyev Ukraynanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Boris Alekseyenkonu qəbul etmişdir.
Görüş zamanı səfir Boris Alekseyenko Ukraynadakı mövcud ictimai-siyasi, sosial-iqtisadi vəziyyət haqqında nazir Vilayət Quliyevə ətraflı məlumat vermişdir. Amerika Birləşmiş Ştatlarının Ukraynanı İraqa kütləvi qırğın silahlarını satmasında ittiham etməsi barədə məlumat verən səfir, Ukraynanın İraqa silah verməsi barədə fikirlərin əsassız olduğunu və onun ölkəsinin BMT-nin Təhlükəsizlik Şurasının qətnamələrinə ciddi surətdə əməl edildiyini bəyan etmişdir.
Səfir Boris Alekseyenko dövlətlərimiz arasındakı ikitərəfli əlaqələrin inkişafını yüksək qiymətləndirərək, Ukraynanın bir sıra yüksək vəzifəli dövlət rəsmilərinin, o cümlədən xarici işlər nazirliyinin dövlət katibi Yuri Sergeyevin Azərbaycan Respublikasına bu ilin oktyabr ayında nəzərdə tutulan səfərlərini həmin münasibətlərin və bir çox sahələrdə əməkdaşlığın daha da dərinləşməsinə xidmət edəcəyinə ümid etdiyini bildirmişdir.
Xarici siyasət idarəsinin başçısı Vilayət Quliyev Ukrayna ilə Azərbaycan Respublikasının strateji tərəfdaş olduğunu qeyd edərək, Ukrayna xarici işlər naziri ilə BMT çərçivəsində keçirilmiş ikitərəfli görüşlər zamanı istər GÜÖAM daxilində, istərsə də qarşılıqlı əməkdaşlıq çərçivəsində əlaqələrin bundan sonra da genişləndirilməsinə tərəfdar olduğunu qeyd etdiyini bir daha xatırlatmışdır.
Görüşdə qarşılıqlı maraq doğuran bir sıra məsələlər də müzakirə edilmişdir.