XARİCİ İŞLƏR NAZİRLİYİNİN MƏTBUAT MƏRKƏZİ XƏBƏR VERİR
Azərbaycan Respublikasının xarici işlər naziri Vilayət Quliyev sentyabrın 30-dan oktyabrın 3-dək Brüssel şəhərində işgüzar səfərdə olmuşdur.
Sentyabrın 30-da Vilayət Quliyev Avropa İttifaqı Şurasının xarici-siyasi, hərbi məsələlər üzrə baş idarəsinin direktoru Stefan Lehne ilə görüşmüşdür. Görüş zamanı Avropa İttifaqı ilə Azərbaycan arasında əlaqələrin genişləndirilməsi, yeni əməkdaşlıq yollarının tapılması istiqamətində fikir mübadiləsi aparılmışdır. Elə həmin gün xarici siyasət idarəsinin başçısı Avropa İttifaqı adından Azərbaycan, Ermənistan və Gürcüstanın xarici işlər nazirlərinin şərəfinə verilən işgüzar şam yeməyində iştirak etmişdir. Avropa İttifaqı Şurasının baş katibi, Avropa İttifaqının ümumi xarici və təhlükəsizlik məsələləri üzrə Ali nümayəndəsi Xavyer Solananın, Avropa İttifaqı Komissiyasının komissarı, xarici əlaqələr üzrə komissar Kristofer Patenin iştirak etdikləri şam yeməyində Cənubi Qafqazda sabitlik və münaqişələrin həlli barədə müzakirələr aparılmışdır.
Oktyabrın 1-də Avropa İttifaqı ilə Azərbaycan arasında əməkdaşlıq şurasının 4-cü iclası keçirilmişdir. İclasa Azərbaycan tərəfindən Vilayət Quliyev, Avropa İttifaqı tərəfindən Danimarkanın Avropa məsələləri üzrə naziri Bertel Harder sədrlik etmişlər.
Həmin gün nazir Vilayət Quliyev xarici ölkə jurnalistləri üçün mətbuat konfransı keçirmiş və onları maraqlandıran suallara cavab vermişdir.