XARKOV FİZİKA-TEXNİKİ İNSTİTUTUNUN ALİMLƏRİ İLK DƏFƏ OLARAQ ATOMUN FOTOŞƏKLİNİ ÇƏKMİŞLƏR
Bakı, 10 oktyabr (AZƏRTAC). Xarkov Fizika-Texniki İnstitutu elmi mərkəzinin alimləri ilk dəfə olaraq atomun “fotoportretini” yarada bilmişlər. Bu sensasiya barədə Ukraynanın “İnter” telekanalı məlumat vermişdir.
Beş alimdən ibarət qrupun apardığı çəkilişlər 3 ildən çox davam etmişdir. Hələ 25 il bundan əvvəl yaradılmış avadanlığın, ilk növbədə, nadir mikroskopun köməyi ilə elementar hissəciyin aydın şəklini almaq mümkün olmuşdur.
Kristalların fizikası laboratoriyasının elmi əməkdaşı Yevgeni Sadanovun sözlərinə görə, kollektivin böyük uğuru təhqiqatların metodikasının lazımi səviyyədə inkişaf etdirilməsi sayəsində mümkün olmuşdur. Alimlər atomun şəklini çəkmək üçün çox güclü elektrik sahəsinə qrafit löhvəcik yerləşdirmişlər. Beləliklə, karbohidratın zəncirə düzülmüş atomlarından birincisinin şəkili həkk edilmişdir. Şəkildəki atom fizika nəzəriyyəçilərinin hələ uzun illər bundan əvvəl çəkdikləri rəsm ilə eyni olmuşdur. Eksperiment kvant mexanikasının nəticələrini təsdiq etmişdir - fotoşəkillər atomun kimya və fizika dərsliklərindəki qrafik əksinə çox bənzəyir. Məlumatı İTAR-TASS agentliyi yaymışdır.