Xətai rayonunda Vətən müharibəsi şəhidi anılıb
Bakı, 21 oktyabr, AZƏRTAC
Oktyabrın 21-də Xətai rayonunda Vətən müharibəsi şəhidi Məmmədov Fuad Valeryeviçin anım günü qeyd olunub.
AZƏRTAC xəbər verir ki, anım günü ilə əlaqədar şəhidin məzarı ziyarət edilib. Tədbirdə Xətai Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev, Xalq şairi, şəhid atası Əli Nur, döyüş yoldaşları, ailə üzvləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbirdə Hərbi Orkestrin ifasında Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Tədbir iştirakçıları şəhidlərimizin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Abidə kompleksinin önünə gül dəstələri düzülüb.
Xətai Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev çıxış edərək Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Silahlı Qüvvələrimizin 44 günlük Vətən müharibəsində əldə etdiyi tarixi Zəfərdən danışıb. Qeyd edib ki, 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Müzəffər Azərbaycan Ordusunun yağı düşmən üzərində Zəfəri Azərbaycan tarixinə qızıl hərflərlə əbədi olaraq həkk olunub. Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş bütün şəhidlərimizi dərin ehtiramla yad edir, onların əziz xatirəsini daim uca tuturuq.
Daha sonra tədbirdə şəhidin ailə üzvləri çıxış edərək xatirələrini bölüşüb, bu cür tədbirlərin keçirilməsinin əhəmiyyətindən danışıblar. Həmçinin şəhidlərin ailə üzvlərinə göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə, birinci xanım Mehriban Əliyevaya, eləcə də rayon ictimaiyyətinə minnətdarlıqlarını bildiriblər.
Anım mərasimində məktəblilərin ifasında şəhidin atası Valeriy Tuşşinin şeirləri səsləndirilib.