Xətai rayonunda Vətən müharibəsi şəhidi Məmmədzadə Kəmaləddinin anım günü qeyd olunub
Bakı, 12 noyabr, AZƏRTAC
Xətai rayonunda Vətən müharibəsi şəhidi Məmmədzadə Kəmaləddin Vüqar oğlunun xatirə lövhəsinin qarşısında anım tədbiri keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə rayon icra hakimiyyətinin başçısı Rafiq Quluyev, YAP Xətai rayon təşkilatının sədri Vüqar Rəhimzadə, Heydər Əliyev adına Bakı Neft Emalı zavodunun rəhbərliyi, hüquq-mühafizə orqanlarının nümayəndələri, həmçinin ictimaiyyət nümayəndələri iştirak ediblər.
Əvvəlcə Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Çıxış edənlər bildiriblər ki, şəhidlərimiz Azərbaycanın qəhrəmanlıq salnaməsini yazan, bizim qəlbimizdə əbədi yaşayan igid Vətən övladlarıdır. Dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu, bütün xalqımız vahid birlik nümayiş etdiriblər. 30 ilə yaxın işğal altında olan ərazilərimiz yağı tapdağından azad edilib. Bununla da bizim qürurumuzun, şücaətimizin varlığı bir daha təsdiq olunub. Vətən uğrunda canını fəda etməkdən müqəddəs heç nə ola bilməz. Şəhidlərimiz bizim üçün əbədi yaşayacaqlar.
Mərasimdə məktəblilərin ifasında ədəbi-bədii kompozisiya nümayiş etdirilib.
Çıxış edənlər şəhidin qəhrəmanlığından, vətənpərvərliyindən söz açıblar, onunla bağlı xatirələrini bölüşüblər.